Milli Qəhrəman Məzahir Rüstəmovun doğum günüdür

Sonuncu döyüşündə o, qumbara ilə özünü və düşmən əsgərlərini partlatdı…

Sonuncu döyüşündə o, qumbara ilə özünü və düşmən əsgərlərini partlatdı.

 

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı Məzahir Rüstəmovun doğum günüdür.

 

Oxu.Az xəbər verir ki, o, 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib.

 

Azğınlaşmış erməni yaraqlılarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetitilməsi Məzahiri narahat edirdi. Daima Vətən, torpaq, qeyrət, namus hissləri ilə yaşayan cəsur Məzahir 1992-ci il 23 mart könüllü olaraq Milli Orduya yazılır. Məzahir Şınıx cəbhəsinə gəlir və komandir müavini vəzifəsinə təyin edilir.

 

Mutudərə olduqca mühüm strateji yer olduğundan ermənilər buranı işğal etmək istəyirdilər.

 

1992-ci il 6 avqust ermənilər Mutudərəyə güclü hücum etdilər.

 

Məzahirin komandirliyi ilə döyüşçülər kəndin müdafiəsinə qalxdılar. Son nəfəsinəcən vuruşan komandir bu döyüşdə həlak oldu…

 

Erməni quldurlarını xeyli yaxınlığına buraxan Məzahir əl qumbarasını işə saldı, özü ilə bərabər xeyli qulduru məhv edən igidimizin bu əfsanəvi qəhrəmanlığı qoşunlarda böyük ruh yüksəkliyi yaratdı.

 

Polkovnik Cahangir Rüstəmovun başçılığı ilə döyüşçülərimiz hücuma keçərək Mutudərəni və Başkəndi erməni işğalçılarından təmizlədilər.

 

Ailəli idi, Təhminə adında qızı var.

 

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rüstəmov Məzahir İzzət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı ” adına layiq görülüb.

 

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

 

Oxuduğu 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

 

Gədəbəy rayonunda tuncdan heykəli ucaldılıb.

 

/oxu.az/