Milli Qəhrəman Təbriz Xəlilbəylinin doğum günüdür

Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır…

Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.

 

Azərbaycanın Milli Qəhrəmanı, Xalq şairi Xəlil Rzanın oğlu Təbriz Xəlilbəyli yaşasaydı, bu gün yubileyini – 50 yaşını qeyd edəcəkdi.

 

Oxu.Az xəbər verir ki, Xəlilbəyli Təbriz Xəlil Rza oğlu 1964-cü il 12 fevralda Bakı şəhərində, böyük şair Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açıb.

 

1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olur. Təhsilini qiyabi davam etdirərək, həm də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyir.

 

T.Xəlilbəyli 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanır. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərir. Döyüş şücaətinə görə DİN-nin “Boz qurd” mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü oldu. Həmin döyüşdə Təbriz qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə ucaldı.

 

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

 

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

 

Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.

 

/oxu.az/