ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistanı tolerantlıq və etimadı gücləndirmək üçün xalq diplomatiyasını dəstəkləməyə çağırıb…
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistanı tolerantlıq və etimadı gücləndirmək üçün xalq diplomatiyasını dəstəkləməyə çağırıb. Trend-in məlumatına görə, amerikalı həmsədr bu barədə öz “twitter ” səhifəsində Sumqayıt hadisələrinə münasibət bildirərkən yazıb.
C.Uorlik bildirib: “Biz, həmçinin Sumqayıt hadisələrini xatırlayırıq. Həm Ermənistan, həm də Azərbaycan tolerantlıq və etimadı gücləndirmək üçün xalq diplomatiyasını dəstəkləməlidir “.
Qeyd edək ki, Sumqayıt hadisələrindən 26 il ötür. İstintaq materiallarına əsasən, Sumqayıt hadisələri zamanı 26 erməni, 6 azərbaycanlı ölüb. Erməni milliyyətindən olan Markaryan avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri öldürüb. Lakin SSRİ-nin hüquq-mühafizə orqanları bu faktın üstünü ört-basdır ediblər. Ona görə də həmin iş də təzələnib və istintaq-əməliyyat tədbirləri davam etdirilir.
/Trend/