Mövlud Çavuşoğlu: Türkiyə qondarma “erməni soyqırımı “nı tanımır

 Türkiyə qondarma “erməni soyqırımı “nı tanımır, çünki tarixdə ölkə ərazisində yaşayan ermənilərə qarşı heç bir soyqırım olmayıb…

Türkiyə qondarma “erməni soyqırımı “nı tanımır, çünki tarixdə ölkə ərazisində yaşayan ermənilərə qarşı heç bir soyqırım olmayıb. Trend-in “Anadolu ” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri və danışıqlarda nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu bildirib.

M.Çavuşoğlunun sözlərinə görə, 1915-ci il hadisələrində ermənilərin həlak olduğunu heç kim inkar etmir: “Lakin unutmaq olmaz ki, ermənilərlə yanaşı, türklər, ərəblər və kürdlər də həlak olublar “.

Öyən gün Türkiyə Nazirlər Kabineti 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb. Sülh mesajında tarixdə baş vermiş hadisələrin əsiri olmamağın və ortaq gələcəyin qurulması üçün zəmin yaratmağın vacibliyi bildirilib. Mesajda 1915-ci il hadisələrinin sadəcə ermənilər üçün deyil, eyni zamanda, ölkədə yaşayan ərəblər, kürdlər və digər etnik millətlər üçün ağır bir dövr olduğu bildirilir: “Lakin 1915-ci il hadisələrindən siyasi təzyiq aləti kimi Türkiyə əleyhinə istifadə edilməsi qeyri-mümkündür. 1915 ci il hadisələri hamımızın ortaq acısıdır “.

Yayımlanan mesajda o da qeyd olunur ki, Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq tarixi komissiyanın yaradılmasını dəstəkləyir və 1915-ci il hadisələrində ölən vətəndaşların, o cümlədən ermənilərin ailə üzvlərinə Türkiyə adından başsağlığı verilir.

Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma “erməni soyqırımı “nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma “soyqırım “ı tanıyıblar.

 

/trend/