Mübariz Əhmədoğlu: RF-nin Ermənistanın perimetrini müəyyənləşdirməsi “həm Ermənistana, həm də Ermənistandan heç bir atəş olmaz ” anlamındadır

“Ermənistan müdafiə naziri S.Ohanyan döyüşkən erməni gənclərinə məxsus təşkilatın üzvləri ilə görüşdə sensasiyalı açıqlama verdi: Rusiya Ermənistanın bütün perimetri boyunca ölkənin təhlükəsizliyini təmin edəcək “…

“Ermənistan müdafiə naziri S.Ohanyan döyüşkən erməni gənclərinə məxsus təşkilatın üzvləri ilə görüşdə sensasiyalı açıqlama verdi: Rusiya Ermənistanın bütün perimetri boyunca ölkənin təhlükəsizliyini təmin edəcək “. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq hesab edir ki, bu məlumatın sensasiya olmasının əsas əlamətləri bunlardır: “Birincisi, Rusiya Ermənistanın 2 yox, bütün 4 dövlətlə sərhədlərini nəzarət altına götürdü. Bu vaxtadək RF Ermənistanın İran və Türkiyə ilə sərhədini qoruyurdu. İndi isə həm də Gürcüstan və Azərbaycanla sərhədini Rusiya qoruyacaq. İkincisi, söhbət ərazisi 29,7 min km2 olan Ermənistan Respublikasının perimetrindən gedir. Bu Dağlıq Qarabağın Ermənistandan aralanması istiqamətində çox mühüm addımdır. Üçüncüsü isə, Ermənistan sərhədlərinin təhlükəsizliyini Rusiyanın 102-ci hərbi bazası təmin edəcək. Ermənistanın İran və Türkiyə ilə sərhədini Rusiyanın sərhəd qoşunları qoruyurdu. Bu dəyişiklik də vacib diqqət çəkir. Hər-halda yaxınlarda “RusSərhəd “-in təmsilçiləri sərhəd infrastrukturunu 102-ci hərbi baza ilə birlikdə quracaqlar “.

M.Əhmədoğlu bildirib ki, Rusiyanın bu addımının mühüm siyasi tutumu var. Ermənistan Rusiyanın hərbi bazasını öz ərazisində dislokasiya olunmasından sui-istifadə edərək qonşu dövlətləri RF adından hədələyirdi: “Bu isə Ermənistanın qonşu dövlətləri ilə Rusiyanın münasibətlərinin soyumasına gətirib çıxarmışdı. İndiki sxem sadə və aydındır: RF Ermənistanın təhlükəsizliyini təmin edir, Ermənistanın qonşularına bildirir ki, Ermənistana hücum Rusiyaya hücum deməkdir. Eyni zamanda Ermənistanın qonşularına mesaj verir ki, Ermənistan heç bir qonşuya təhlükə yaratmayacaq “.

Politoloqun fikrincə, Ermənistanın qonşularına olan təhdidlərinin də məsuliyyəti RF-in boynundadır: “Bir az da sadələşdirsək, RF heç bir top, raket, minomyot və s. zərbəsinin Ermənistan ərazisinə düşməsinə imkan verməyəcək. RF həm də Ermənistanın ərazisindən raket, top və s. atılmasına icazə verməyəcək. Ortaya çox maraqlı sual çıxır. Dağlıq Qarabağda potensial müharibə vaxtı Ermənistanın raketləri Azərbaycana doğru hansı ərazidən gələcək? “

M.Əhmədoğlu deyib ki, Ermənistanın perimetri müəyyənləşdikdən sonra Ermənistan vətəndaşlarının de-yure Azərbaycan Respublikasının ərazisi sayılan Dağlıq Qarabağda hərbi xidmətə yollanmasının məsuliyyəti Rusiyanın üzərində olacaq. Eləcə də, Ermənistandan Dağlıq Qarabağa təbii qazın nəqlinin də məsuliyyətini RF daşıyacaq: “RF Ermənistanın Dağlıq Qarabağdan uzaqlaşması istiqamətində addımlarını artırır, amma ermənilər Rusiyanın onları Dağlıq Qarabağdan uzaqlaşdırılması ilə bağlı addımlarını görmək istəmirlər. Görünür, RF Ermənistanın hərbi imkanlarını onun özünə başa salmaq istiqamətində xüsusi kurslar açmalı və ya təlimlər keçməlidir. Rusiyanın Ermənistanda kurslar açması, təlimlər keçirməsi indi dəbdədir. Pulsuz rus dili kursları açılır, Parlament klubu adı ilə təlim mərkəzləri yaradılır. Qriboyedov klubu fəaliyyətdədir “.

Politoloqun sözlərinə görə, bunların davamı olaraq RF Ermənistanda “ağıl ” klubu ” da yarada bilər: “Əks təqdirdə, Rusiyanın zəhməti yenidən boşa çıxacaq;. Çar Rusiyası Ermənistana hər şey etsə də, əvəzində ermənilər ilk imkanda Böyük Britaniyanın müttəfiqinə çevrildilər. SSRİ ermənilərə münasibətdə bütün dini və milli məhdudiyyətləri aradan qaldırmışdı; SSRİ-nin ateistliyi erməni kilsəsindən yan keçmişdi. “Erməni soyqırımı ” abidəsi də 1965-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının qərarı ilə tikildi. Əvəzində ermənilər SSRİ-ni dağıtdılar. İndi də ermənilər yenidən öz xarakterlərini təkrarlayacaqlar. Ən vacibi Rusiyanın Ermənistanı ağıllandırmasıdır “.