Mübariz Əhmədoğlu: “Xristian maklerliyi “nin varisi, erməni etnokriminallığının ruhlandırıcısı II Qaregin həm də müharibə carçısına çevrildi

Erməni Apostol Kilsəsinin (EAK) başçısı, bütün dünya ermənilərinin Katolikosu II Qaregin Dağlıq Qarabağda müharibə vaxtı və eləcə də ondan sonrakı dövrdə heç vaxt erməni hərbçilərini sülhə çağırmayıb…

Erməni Apostol Kilsəsinin (EAK) başçısı, bütün dünya ermənilərinin Katolikosu II Qaregin Dağlıq Qarabağda müharibə vaxtı və eləcə də ondan sonrakı dövrdə heç vaxt erməni hərbçilərini sülhə çağırmayıb. O, hərbi məsələlərdə daim aktiv iştirak edib,əksər hallarda açıq şəkildə erməni ordusunun işğalçılığına haqq qazandırıb, mükafatlandırıb. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, EAK-ın Dağlıq Qarabağ yeparxiyasının başçısı Pargev Martirosyan da eynilə II Qareginin mövqeyinin daşıyıcısı olub: “P.Martirosyan açıq şəkildə döyüşlərdə iştirak edib, Xocalıda azərbaycanlıların soyqırımına xristian dini adından göstəriş verən iki din xadimindən biridir. P.Martirosyanı II Qareginə bağlayan ikinci xüsusiyyət onun II Qaregin kimi pula, var-dövlətə qarşı xüsusi məhəbbətidir. Oğruluq onları birləşdirən üçüncü xüsusiyyətdir. P.Martirosyan 3 ikona oğurlayıb və bu oğurluğu II Qareginin icazəsi ilə edib. II Qaregin isə EAK-ın mülklərini mənimsəyir “.

M.Əhmədoğlu hesab edir ki, II Qareginin P.Martirosyanla üst-üstə düşən daha bir xüsusiyyəti xristianlıq adından dəllalıq etmələri və yalan danışmalarıdır. Dağlıq Qarabağın və bugünkü Ermənistan ərazisinin qriqorian xristianlığına qətiyyən aidiyyəti yoxdur: “Lakin P.Martirosyan Dağlıq Qarabağı erməni xristianlığının beşiyi adlandırır. Təbii ki, bu iş II Qareginin xeyir-duası ilə baş verir. Eləcə də Ermənistan özünü xristianlığı ilk qəbul edən dövlət kimi təqdim edir. Bu da II Qareginin iştirakı ilə hazırlanmış təbliğat yalanıdır. Lakin II Qareginin P.Martirosyandan fərqli olaraq əlavə bir keyfiyyəti də var. Bu da erməni etnokriminallığının yaranmasına, inkişafına və dünyaya ixracına özünəməxsus şəkildə təkan verməsidir “.

Politoloq qeyd edib ki, Fransada erməni yeparxiyasının başçısının dəyişdirilməsi ilə bağlı II Qareginin tutduğu mövqe çox şeyi açıqladı: “Fransada erməni yeparxiyasının keçmiş başçısı Norvan Zakaryan dini ailədə doğulub böyümüş, uşaqlıqdan dini təhsil almış ermənidir. II Qaregin onu yeparxiyanın başçılığından zorakı yolla uzaqlaşdırdı, onun yerinə cinayət törətmiş keçmiş biznesmen V.Ayrapetyanı təyin etdi. V.Ayrapetyanın atasının da adı cinayət işində hallanır. Yerli ermənilərin fikrincə, ata – oğul Ayrapetyanların hər ikisi Fransa qanunlarına görə elektron brasletlə gəzməli olan şəxslərdir. II Qaregin Ermənistandan və Fransanın erməni icmasından N. Zakaryanla bağlı çoxsaylı xahişləri rədd etdi “.

M.Əhmədoğlunun sözlərinə görə, bu gün erməni etnokriminallığı dünyada hədsiz geniş yayılıb və erməni etnokriminallığı EAK ilə sıx əlaqəlidir. Erməni etnokriminalları kilsənin maliyyələşdirir. Kilsə isə onların cəzadan yayınmasına yardım edir: “Son vaxtlar II Qaregin Dağlıq Qarabağla əlaqəli mövqeyini xeyli aktivləşdirib. Dağlıq Qarabağda yaralanmış döyüşçülərə baş çəkməyini müəyyən qədər anlayışla qarşılamaq olar. Onun əsir düşmüş erməni A.İnciqulyanla bağlı Azərbaycanın dini lideri Şeyxülislam A.Paşazadəyə müraciətini də başa düşmək olar. Lakin onun eynilə ER müdafiə naziri Seyran Ohanyan kimi Azərbaycanı hədələməsini heç cür başa düşmək mümkün deyil: Başa düşmək üçün yalnız erməni olmalısan “.

Politoloqun fikrincə, erməni kilsəsini oğurluq, rüşvət, korrupsiya oylağına çevirməkdə müvəffəqiyyət qazanmış, erməni kriminallığını dünya miqyasında struktura çevirmiş II Qareginin Azərbaycanı hədələməklə Dağlıq Qarabağda müharibəni təbliğ etməsi müharibə ehtimalını xeyli artırır: “Çünki II Qaregin “xristian makler “liyinin Qərbdə inamla qarşılanmasına nail olub. Moskvada erməni kriminal avtoritetlərinin hesabına kilsə tikdirib bir daha ermənilərin dininin Rus Pravoslavlığından fərqli olduğunu göstərməklə Qərbə yaxınlığını nümayiş etdirdi. II Qareginin hansısa xeyir işdə sürətlə uğur qazanması faktı bizə bəlli deyil. Ən azı belə hərəkəti olsaydı erməni xristianlığı arasında mənəviyyatsızlıq indiki sürətlə yayılmazdı. Amma pis işlərdə II Qareginin sürətli uğur qazanması bəllidir. Ona görə müharibəyə qədər olan məsafəni illərlə yox, aylarla bəlkə də həftələrlə ölçmək lazımdır “.

/Trend/