Musa Quliyev: “Bu faciə zamanı əlil olan insanlara “Xocalı soyqırımı əlili” statusu verilməlidir”

“Xocalı soyqırımı təkcə Azərbaycan tarixində deyil, bəşəriyyət tarixində törədilmiş böyük və qəddar bir faciədir”…

“Xocalı soyqırımı təkcə Azərbaycan tarixində deyil, bəşəriyyət tarixində törədilmiş böyük və qəddar bir faciədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

 

Onun sözlərinə görə, 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Ermənistan ordusu ağır texnika ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan etdi: “Rusiyanın 366-ci motoatıcı alayının köməyi ilə 613 insan qətliama məruz qalıb. Bu faciənin ilk illərində onu dünyaya çatdırmaq və ona hüquqi-siyasi qiymət vermək mümkün olmadı. İlk dəfə olaraq, Ümummilli Lider Heydər Əliyev bütün beynəlxalq tədbirlərdə bu məsələni daim qabartdı və bu bu soyqırıma ilk hüquqi-siyasi qiyməti dövlət səviyyəsində verdi. Milli Məclisdə bu sahədə xüsusi işlər aparır. Bir sıra beynəlxalq təşkilatlarda Xocalı soyqırımı daim gündəmə gəlir, insanlığa qarşı edilən bu soyqırım daim pislənir və bu təşkilatlar tərəfindən ermənilərin təcavüzə son qoyulması tələb edilib. Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi əhəmiyyət kəsb edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası bütün dünyada böyük rezonans yaradıb. Hesab edirəm ki, məhz bu fəaliyyətlərin nəticəsidir ki, artıq 10 ölkə Xocalı soyqırımını tanıyıb”. Xocalı soyqırımı zamanı əlil olan insanların sosial müdafiəsi təmin olunub, sosial müavinətlər verilib”.

 

Musa Quliyev onu da qeyd edib ki, bu soyqırımda əlil olanlara milli münaqişə zəminində əlil statusu verməklə bu dəhşətlərin miqyasını kiçiltmiş oluruq: “Buna görə də hökumət bu məsələyə yenidən baxmalı, bu soyqırımı zamanı əlil olmuş insanlara “Xocalı soyqırımı əlili” statusu verməlidir. Çünki bu soyqırımı zamanı şəhid və əlil olanlar milli münaqişə, məişət zəminində zərər çəkməyiblər. Bir sözlə, Azərbaycan dövləti Xocalı soyqırımının bütün dünyada tanınması üçün mümkün olan bütün addımları atır və atacaq “.

/sia/