Nəqliyyat Nazirliyi reydlər keçirir

“Gündüz saatlarında bəzi iritonnajlı avtomobillər xüsusi icazələrlə şəhərə daxil olur”…

“Gündüz saatlarında bəzi iritonnajlı avtomobillər xüsusi icazələrlə şəhərə daxil olur”.

İri tonnajlı avtomobillərin Bakıya giriş-çıxışı ilə bağlı genişmiqyaslı reydlər keçiriləcək. Artıq məsələ ilə bağlı nəqliyyat naziri Ziya Məmmədov da ciddi tapşırıq verib.

Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, artıq reydlər hər gün keçirilir və bu iş mütəmadi olaraq aparılacaq:

“Bu birmənalı olaraq Nazirliyin iş rejiminin bir hissəsinə çevrilib. Lakin aparılan işlərə baxmayaraq, problemlər qalıb. Yəni sürücülər qadağalara müəyyən səbəblərdən məhəl qoymurlar. Nəticədə bu da yollarda digər problemlərin yaranması ilə bərabər, böyük tıxaclara da səbəb olur”.

N.Həsənov bildirib ki, Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə bu məsələnin qarşısının alınması üçün tədbirlər görür:

“Qaydaları pozmağa cəhd edən bütün sürücülərə qarşı cəza tədbirləri həyata keçirilir. Gündüz saatlarında bəzi iritonnajlı avtomobillər xüsusi icazələrlə şəhərə daxil olur. Amma sərbəst girişə saat 23:00-da icazə verilir”.

www.oxu.az