NATO 2019-cu ilədək Azərbaycanda müvafiq hərbi briqadanın təlim və təchizatını həyata keçirilməsini başa çatdıracaq…
NATO 2019-cu ilədək Azərbaycanda müvafiq hərbi briqadanın təlim və təchizatını həyata keçirilməsini başa çatdıracaq. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə Azərbaycanla NATO arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar görülən tədbirlərlə bağlı sorğuya cavab olaraq verilən məlumatda deyilir.
Məlumata əsasən, Azərbaycan-NATO əlaqələrinin əsas istiqamətləri treninqlər və təlimlərin keçirilməsi, NATO standartlarına uyğunlaşmadır.
Bu məqsədlə Azərbaycanda NATO ilə əməkdaşlıq çərçivəsində müdafiə və təhlükəsizlik sektorunda bir sıra islahatlar aparılıb. Silahlı Qüvvələrin Akademiyasında “Müdafiə siyasəti və strategiyası ” adlı fənn hazırlanaraq tədrisinə başlanılıb. Silahlı Qüvvələrin NATO qüvvələri ilə uzlaşmasının təmin edilməsi, texniki təkmilləşdirmə, hərbi təhsilin uyğunlaşdırılması, ingilis dili bacarıqlarının artırılması sahəsində də bir sıra nailiyyətlər əldə olunub.
Hərbi təhsil müəssisələrində NATO standartlarının tətbiqinin daha da gücləndirilməsi məqsədilə 2008-2013 illər ərzində Azərbaycanın NATO ilə birgə Təhsil və Tədris üzrə Fəaliyyət Planının işlənilməsi təmin olunub və onun yerinə yetirilməsi davam etdirilir.
Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyasına uyğun olaraq NATO-nun Birgə Əməliyyat Qüvvələri (OCC) üçün ayırdığı şəxsi heyətin qiymətləndirilməsi plana uyğun olaraq NATO mütəxəssisləri tərəfindən həyata keçirilir.
Uzunmüddətli olaraq 2019-cu ilin sonunadək döyüşə dəstək və döyüşə xidmət dəstəyi daxil olmaqla, bütöv bir taborun əməliyyatlarda açılması və özünü saxlamaq imkanında olması məqsədi ilə müvafiq briqadanın təlim və təchizatını başa çatdırılması planlaşdırılır.
/Trend/