Naxçıvandakı güc

“İstənilən müstəqil dövlətin ordusundan heç də geri qalmır”…

“İstənilən müstəqil dövlətin ordusundan heç də geri qalmır”.

Oxu.Az ANS TV-də yayımlanan “Hesabat” verilişində Naxçıvan Muxtar Respublikasında yaradılmış Əlahiddə Ümumqoşun Ordusunun son təlimlərinə həsr olunmuş süjeti təqdim edir:

“İzləyəcəyiniz kadrlarda Naxçıvandakı ordunun hücum xarakterli təlimlərini görmək olar. 

Bu gün Naxçıvandakı qüvvələrimiz bu ərazini müdafiə etməklə yanaşı, xüsusilə burdakı cəbhə xəttindən başlayan işğalda olan Qarabağ ərazilərini azad etmək üçün hücum əməliyyatlarına hazır dayanıb.

Dayanıb demək, bəlkə də fikrimizi tam ifadə etmədi. Çünki burdakı müxtəlif qoşunlar, xüsusilə də xüsusi təyinatlı qüvvələr daim təlim meydanlarında döyüş düzülüşü ilə hərəkətdədirlər. Dağ şəraitinə uyğun, elə dağ təlim poliqonunda qayalıqlarda mövqelənən şərti düşmən qüvvələrilə ardıcıl mübarizə aparılır. Helikopterlə qayalıqlara enən xüsusi təyinatlı qrupların düşmən cəbhəsinin dərinliklərində apardığı əməliyyatlar artilleriyaçıların, motoatıcı bölmələrin, hava hücumundan müdafiə qüvvələrinin və digər bölmələrin himayəsi, dəstəyi altında keçirilir.

Naxçıvandakı qüvvələrə Əlahiddə Ümumqoşun Ordusu statusu verilməsi ölkəmizlə quru sərhəddi kəsilən bu ərazilərimizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bu, burdakı müxtəlif qoşun bölmələrində əlahiddə döyüş imkanları yaratmaqla ölkəmiz üçün strateji baxımdan çox əhəmiyyətli qərardır. Qəti qərarımızla qətiyyətlə irəliləyəcək bu qüvvələrimizin ərazi bütövlüyümüz uğrunda mübarizədə, işğalçı düşmən üzərində tam və qəti qələbəmizdə də xüsusi rolu və payı olacaq.

Baxın və əmin olun ki, Naxçıvan Muxtar Respublikasının ordusu istənilən müstəqil dövlətin ordusundan heç də geri qalmır”.

 

/oxu.az/