Uzaq məsafələrə operativ köçmə qabiliyyəti yoxlanılır…
Uzaq məsafələrə operativ köçmə qabiliyyəti yoxlanılır.
Qazaxıstan Müdafiə Nazirliyi gözlənilmədən cənub regionu qoşunlarının hərbi hazırlığının yoxlanılmasını elan edib.
Oxu.Az tengrinews.kz-a istinadən xəbər verir ki, bu barədə informasiyanı hərbi idarənin mətbuat xidməti yayıb.
“19 noyabra keçən gecə Silahlı Qüvvələrin ali baş komandanı – Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin əmri ilə müdafiə naziri İ.N.Tasmaqabetov Silahlı qüvvələrin hərbi hazırlıq və döyüş qabiliyyətliliyi üzrə gözlənilməz yoxlama keçirib, yoxlama zamanı cənub regional komandanlığın qoşunları, Aeromobil qoşunları və QR SQ hava əleyhinə müdafiə qüvvələri həyəcan siqnalı ilə ayağa qaldırılaraq planlaşdırılmamış rayonlara keçiriliblər. Bu əməliyyatda 3 000 nəfər şəxsi heyət, 400 ədəd hərbi və 36 ədəd aviasiya texnikası iştirak edib”, – məlumatda deyilir.
Məlumata görə, hərbi manevrləri müdafiə naziri və baş qərargah nümayəndələri müşahidə edib.
“İki günlük yoxlama zamanı bölmələrin mobilliyi və uzun məsafələrə operativ köçmə qabiliyyəti yoxlanılıb. Poliqonlarda atəş və xüsusi-taktiki tapşırıqlar üzrə təlimlər keçirilib”, – Müdafiə Nazirliyində dəqiqləşdiriblər.
Qeyd edilib ki, cari tədbirlər hərbi hazırlığın ali dərəcəsinə keçid və cəmlənmə rayonlarına doğru irəliləyən zaman komandir və qərargahların fəaliyyətini dəyərləndirmək, qoşunların operativ əməliyyat zamanı maddi texniki vasitələrinin mövcudluğu və tələbatının, eləcə də onların hərbi hazırlıq üzrə tətbiqinin müəyyənləşdirilməsi üçün keçirilir.