Milli Məclisdə AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçirilir

Milli Məclisdə AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçirilir

Martın 15-də Milli Məclisdə AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasın açılış mərasimində komitənin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış ediblər.

İclasda çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, AŞPA-nın komitə iclasının Bakıda keçirilməsi, hökumətlə müzakirələrin aparılması gələcək əlaqələrin inkişafından xəbər verir. Azərbaycan artıq 17 ildir ki, AŞPA-nın tam hüquqlu üzvüdür və bu təşkilatla sıx əməkdaşlıq edir.

Komitə iclasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal olunub. İnsanların doğma yurdlarından məcburi köçkün düşməsi təhsil sisteminə də təsir edir. İşğal nəticəsində 700-ə qədər təhsil müəssisəsi dağıdılıb.

Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin diqqət mərkəzində saxlanıldığını deyən M.Cabbarov bildirib ki, ali təhsil müəssisələrində təhsil alan qaçqın və məcburi köçkün uşaqların təhsil haqqı dövlət büdcəsindən ödənilir. Son 12 ildə ölkədəki məktəblərin 70 faizi təmir olunub və yenisi tikilib.

Qeyd edək ki, iclas martın 16-da da davam etdiriləcək, müxtəlif məruzəçilərin hesabatları dinləniləcək.

 

AZƏRTAC