AGHMM valideyn himayəsindən məhrum olmuş gənclərin karyera quruculuğuna dəstək verir

AGHMM valideyn himayəsindən məhrum olmuş gənclərin karyera quruculuğuna dəstək verir

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra edilən “Valideyn himayəsindən məhrum olan gənclərin karyera quruculuğu, onların məşğulluğunun artırılmasına ictimai dəstək” layihəsinə yekun vurdu.

         Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş gənclərin uğurlu karyera qurmalarına və məşğulluqlarının təmin olunmasına nail olmaq idi. Bu məqsədlə 120 nəfər belə gənc layihəyə cəlb olundu. Layihə çərçivəsində bu gənclərin müstəqil həyata hazırlanması, uğurlu karyera qurmalarına istiqamətlidirilmələri, onlara peşə seçimində risklərin ölçülməsini, gələcəyin peşələrinin və məşğulluğun təmin olunması üçün müasir alətlərin öyrədilməsi, müstəqil həyatda qarşılaşa biləcəkləri psixoloji baryerləri aşmaq üçün psixoloji alətlərə yiyələnmələri, milli qanunvericiliyin onlara verdiyi hüquq və imtiyazlardan faydalana bilmələri üçün bu sahədə maarifləndirilmələri istiqamətində işlər aparıldı. Sumqayıt şəhərində yerləşən G.Əsədov adına tam orta internat məktəbi və internat tipli gimnaziyada, Bakı şəhərində yerləşən 8 saylı sanatoriya tipli internat məktəbində 2 günlük təlim kursları təşkil edildi. Təlimlərin ilk günü sosial inteqrasiya, ikinci günü isə psixoloji inteqrasiya məsələlərini əhatə edirdi.

         Layihə çərçivəsində həmçinin “Karyera quruculuğu” adlı kitabça da nəşr edilmişdir. Bu kitabçada müstəqil həyata qədəm qoymuş valideyn himayəsindən məhrum olan gənclər üçün zəruri məlumatlar, uğurlu peşələrin seçimi, uğurlu karyera üçün lazım olan bütün materiallar vardır. Bu kitabça hər bir belə gəncin həyat bələdçisi, stolüstü kitabı olacaq, onların müstəqil həyata adaptasiya olmalarında mühüm rol oynayacaqdır.

 

 

MƏTBUAT XİDMƏTİ

07.06.2017