Ermənilərin tariximizə yazdığı qanlı səhifələr

Ermənilərin tariximizə yazdığı qanlı səhifələr

XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq erməni millətçi-separatçıları sərsəm “Böyük Ermənistan” planının həyata keçirilməsi, Azərbaycan torpaqlarının zəbt edilməsi məqsədilə  türk-müsəlmanlara qarşı müntəzəm olaraq soyqırımı siyasəti yeritmişlər.

 Bunun nəticəsində xalqımıza çox böyük maddi və mənəvi ziyan dəymiş, şəhərlər, kəndlər, qəsəbələr, tarixi-mədəni və dini abidələr dağıdılmış, yerlə-yeksan olmuşdur. On minlərlə günahsız insanı erməni quldur dəstələri vəhşicəsinə qətlə yetirmiş, zaman- zaman milyondan artıq soydaşımız doğma yurd-yuvasından qovulmuşdur.

Gələn il Azərbaycana mütəşəkkil və kütləvi erməni təcavüzünün başlamasının, imperialist dairələrin təhriki və himayəsi ilə soydaşlarımıza qarşı etnik soyqırımı siyasətinə rəvac verilməsinin 110 ili tamam olur. Ötən əsrin əvvəllərində— 1905–1907-ci illərdə Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda və digər yerlərdə silahlandırılmış və xalqımıza qarşı nifrət hissi coşdurulmuş ermənilər azərbaycanlılara divan tutmuşlar. Gözlərini qan örtmüş quldurlar şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıq və vəhşiliklə öldürmüşlər.

Həmin dövrdə təkcə Şuşa, Cavanşir və Zəngəzur qəzalarında 75 kənd tamamilə dağıdılmış, İrəvan və Gəncə quberniyalarında 200-dən çox yaşayış məntəqəsi viran edilmişdir. Erməni vəhşiliyindən sağ qurtara bilən minlərlə insan öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdır. Bununla da Azərbaycanda tarixi bir əsrə bərabər olan qaçqınlıq-köçkünlük ənənəsinin əsası qoyulmuşdur.  Azərbaycanlılara qarşı erməni soyqırımı 1918—1920-ci illərdə daha geniş və fəlakətli  şəkildə həyata keçirilmişdi. Erməni-bolşevik rəhbərlərinin bilavasitə iştirakı  və göstərişləri əsasında Azərbaycandakı “əksinqilabi qüvvələrlə mübarizə” şüarı altında  7 min erməni əsgəri və 70 faizi erməni olan “qızıl qvardiya” adlı 10—12 minlik ordu heç bir əsas olmadan 1918-ci il martın 30–31-də və aprelin 1-də Bakıda dinc əhaliyə görünməmiş amansızlıqla divan tutmuşdu. Qocalar, qadınlar, hətta 3–4 aylıq körpələr öldürülmüş, süngüdən keçirilmiş, yandırılmışdı. Qırğın aprelin birinci ongünlüyünə qədər bütün dəhşəti ilə davam etdirilmişdi.

 Bu soyqırımı nəticəsində 15 minə qədər  soydaşımız məhv edilmişdi. Azərbaycanlıların qətliamnı o günlərdə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul və digər bölgələrdə də amansızlıqla yerinə yetirilmişdi. Mart ayında Şamaxıda 58 kənd dağıdılmış, 8 minə yaxın günahsız insan xüsusi amansızlıqla öldürülmüşdü. Onlardan 1653 nəfəri qadın, 965 nəfəri uşaq olmuşdur. Bədnam Bakı sovetinin üzdəniraq rəhbəri S. Şaumyandan bilavasitə göstəriş alan daşnak Hamazaspın quldur erməni silahlı birləşmələri aprel ayında Qubanı və onun 122 kəndini dağıtmış, 2000-dən çox türkü və ləzgini qətlə yetirmişdi.

Azərbaycanlılara qarşı qərəzli münasibət sovet hakimiyyəti dövründə də davam etdirilmişdir. 1948–1950-ci illərdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız növbəti mütəşəkkil  qəsdin qurbanları olmuşlar. 1948-ci ildə 2463, 1949-cu ildə 5473, 1950-ci ildə 65650 nəfər azərbaycanlı öz doğma yurd-yuvasından zor gücünə çıxarılaraq Azərbaycana deportasiya olunmuşdur. Sovet dövrünün ilk günlərindən başlayaraq SSRİ-nin rəhbərlərindən biri olan A.Mikoyan, Azərbaycanda partiya rəhbərliyinə yeridilən L. Mirzoyan, uzun müddət inzibati idarəyə başçılıq edən  R. Markaryan, X. Qriqoryan və onların əlaltıları xalqımızın ziyalı təbəqəsini müxtəlif yollarla məhv etdirmişlər.

 Çox təəssüf ki, sovet hakimiyyəti illərində xalqlar dostluğu adı altında aparılan təbliğat ermənilərin azərbaycanlıların başına gətirdikləri qanlı hadisələri zaman-zaman  unutdurmuşdu.

Xalqımıza qarşı ermənilərin davamlı soyqırımı əsrin sonuna doğru daha dəhşətli şəkil aldı. 1988-ci ilin fevralından bədnam sovet rəhbəri M. Qorbaçovun himayəsinə arxalanan  erməni millətçilərinin başladığı Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən açıq-gizli düşmən qəsdləri azərbaycanlıların məhv edilməsi ilə nəticələnirdi.1992-ci il fevral ayının 25-dən 26-a keçən gecəni isə erməni faşistləri  insanlıq tarixində görünməmiş qırğın kimi yazdlar. Erməni yaraqlıları  Xankəndindəki 366-cı rus motoatıcı alayının (heyətdə 1890 erməni vardı) köməyilə şəhəri işğal edib yandırdı, dağıtdı, günahsız insanları amansızlıqla qətlə yetirdilər.

 Etnik təmizləmə məqsədilə həyata keçirilən bu cinayət aktı əksəriyyəti uşaq, qoca, qadınlardan ibarət olan 613 nəfərin öldürülməsi, 56 nəfərin diri-diri basdırılması, 8 ailənin tamamilə məhv edilməsi, 487 nəfərin ağır xəsarət alması, 1275 nəfərin əsir  götürülüb görünməmiş işgəncələrə məruz qoyulması, 150 nəfərin itkin düşməsi, Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Xocalı şəhərinin dünya xəritəsindən silinməsi ilə nəticələndi. Bu açıq soyqırımı öz amansızlığına görə dünyada baş vermiş Lititse, Halakos, Xatın, Songmi kimi soyqırımlarından daha dəhşətli olmuşdur. Özü də bu misilsiz faciə tarixin qədim dövrlərində deyil, insan hüquq və azadlıqlarından ağızdolusu danışılan XX əsrin sonunda, sivil dünyanın gözü qarşısında baş vermişdir.

 Dünya ictimaiyyəti  bu kütləvi qırğın hadisəsinə göz  yummuşdur. 24 ildən çox keçməsinə baxmayaraq,  bu cinayətə nə soyqırımı kimi qiymət verilmiş, nə də onu törədənlər cəzalandırılmışdır. Cəzasız qalan erməni quldurları indinin özündə belə  törətdikləri cinayətləri açıq-açığına etiraf edir, hətta bununla həyasızcasına qürur duyurlar. Onlar, üstəlik, guya,100 il bundan əvvəl olmuş qondarma soyqırımı haqqında saxta layihəni dünya dövlətləri parlamentlərinə təqdim edir. Yalanın həqiqət kimi tanınmasına nail olmaq üçün dəridən-qabıqdan çıxırlar. Belə yerdə yaxşı deyiblər ki, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Yaxud: adımı qoyaram sənə, səni də qoyaram yana-yana.

Tarixi təcrübə göstərir ki, insanlığa qarşı cinayət heç bir zaman cəzasız qalmayıb. Dünya ictimaiyyəti gec-tez ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımını dərk edəcək, bu qırğınları törədənlər BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında” 9 dekabr 1945-ci il tarixli konvensiyasının,  Azərbaycan Cinayət Məcəlləsinin 103-cü maddəsinin və digər hüquqi sənədlərin tələblərini pozduqlarına görə bəşəriyyət, beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlar. Bunun  üçün  biz fəaliyyətimizi artırmalı, erməni soyqırımının ifşasında, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında məqsədyönlü tədbirlər həyata keçirməliyik.

 Bu baxımdan  millət vəkili Elxan Süleymanovun prezidenti olduğu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının gördüyü işlər, həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Cəmiyyətin əməkdaşları “Xocalı soyqırımı - 1992” adlı unikal bir kitab nəşr etdirilərək həm ölkə daxilində, həm də xaricdə yayıblar. Kitabda bu faciəni yaşayanların xatirələri, şahid ifadələri, həmin dövrdə mətbuatda dərc olunan yazılar öz əksini tapıb. AVCİYA bu yöndə işi davam etdirərək  Xocalı soyqırımını törədənlərin cəzalandırılması tələbi ilə respublikada imza toplama kampaniyası  da keçirmişdir.

Nəticədə, 1 milyon imza toplanmış, hüquqi sənədlər əsasında “Bir milyon imza və bir tələb - Xocalı soyqırımı” adlı sənədlərdən ibarət  nadir bir kitab çap olunaraq dünyanın, demək olar ki, bütün ölkələrinə göndərilmişdir. Assosiasiyanın xətti ilə hər il Şamaxı və onun kəndlərində soyqırıma məruz qalmış yerlərdə müntəzəm olaraq aksiyalar keçirilir.

Bu cəmiyyətin nəzdində fəaliyyət göstərən Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi 10 ildən artıqdır ki, “Qarabağın səsi” adlı rus və ingilis dillərində aylıq qəzet nəşr edib, dünyanın bir çox ölkəsinə, beynəlxalq təşkilatlara, qurumlara, diasporlara göndərir. AVCİYA-da həmçinin xalqımıza qarşı davamlı soyqırımı, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Qarabağ.info, 1905. az Azerbaijan-gondation. Az. saytları da fəaliyyət göstərir.

Şübhəsiz ki, bu sahədə aparılan işi bir və ya bir neçə qurumun və ya təşkilatın fəaliyyəti ilə məhdudlaşdırmaq olmaz. Burada hamı -  bütün əlaqədar təşkilatlar, qurumlar, ziyalılar və s. fəal iştirak etməlidir. Ermənilərin xalqımıza qarşı yeritdiyi soyqırımına mənəvi-siyasi və hüquqi qiymət verilməsi, onun beynəlxalq miqyasda tanınması yönümündə BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların müzakirəsinə nail olmaq üçün daha keçərli, məqsədyönlü tədbirlər həyata keçirilməli, azərbaycanlılara qarşı erməni qırğınları, xüsusən Xocalı soyqırımı faktlarla, sübutlarla, bütün təfərrüatı ilə dünya ictimaiyyətinə çatdırılmalıdır. 

1919-cu ilin Quba qətliamı ilə yanaşı, Şamaxı, Lənkəran, Hacıqabul, Salyan, Qarabağ, Naxçıvan və digər yerlərdə də törədilən qırğınlarla bağlı tədqiqatlar aparılmalı, üstünü zamanın pərdəsi örtmüş kütləvi məzarlıqlar aşkar edilməlidir. Həmin yerlərdə də qırğın qurbanlarının kütləvi məzarlarının olması şübhəsizdir. Dağlıq Qarabağ müharibəsi zamanı törədilmiş Xocalı soyqırımı ilə yanaşı, Malıbəyi, Ağdaban, Quşçular, Qaradağlı kəndlərində törədilən qırğınlar da hərtərəfli öyrənilməli, materiallar beynəlxalq məhkəməyə verilməlidir. Erməni soyqırımı və qanlı əməlləri ilə bağlı kitablar yazılıb xarici dillərə tərcümə edilməli, sənədli və bədii filmlər çəkilməli, rəsm əsərlərinin  həm ölkədə, həm də xarici ölkələrdə  sərgiləri təşkil olunmalıdır.

Yeri gəlmişkən, vurğulayaq ki, bir əsrdən artıq ardıcıl şəkildə davam etdirilən bu soyqırımlarla əlaqədar çəkilən bir-iki film istisna edilərsə, bu sahədə elə bir iş görülməmişdir. Halbuki bu mövzuda çoxlu  filmlər çəkilməlidir. 1918–1920-ci illərdə erməni soyqırımına məruz qalmış Şamaxı, Quba, Bakı, eləcə də yaxın keçmişimizdə bu dəhşəti yaşamış Ağdaban, Quşçu, Qaradağlı və s. yerlərdə törədilən insan qırğınları barədə bədii, sənədli filmlər çəkmək, onları müxtəlif dillərdə səsləndirmək lazımdır ki, bu soyqırımın kütləviliyi,  dəhşəti haqda aydın təsəvvür yarana bilsin. Kütləvi söyqırımı törədilən yerlərdə qətlə yetirilən insanların abidəsi ucaldılmalı, həlak olanların adları müəyyənləşdirilməlidir.

Erməni təcavüzünün ayrı-ayrı mərhələlərdə xalqımıza, dövlətimizə vurduğu maddi və mənəvi ziyan rəsmi qurumlar, təşkilatlar və s. tərəfindən konkret dəlil, sübut və faktlarla müəyyənləşdirilməli, onun ödənilməsi yönümündə beynəlxalq məhkəmələr qarşısında məsələ qaldırılmalıdır. Bakıda soyqırımı muzeyi yaradılmalıdır. Bu muzeyin təşkili barədə  təkliflər çox olub, ancaq hələlik elə bir nəticə yoxdur.

Erməni təcavüzünün Azərbaycanın başına gətirdiyi bəlaların dünyaya göstərilməsində KİV-in, xüsusən, telekanalların imkanlarından səmərəli istifadə olunmalı, bu məsələ hər zaman gündəlikdə durmalı, orada qanlı hadisələrin, faciələrin ildönümlərini gözləmədən ilboyu həm Azərbaycan, həm də digər dillərdə materiallar verilməlidir.

Orta təhsilin bütün pillələri üzrə tərtib olunan dərsliklərə ermənilərin xalqımıza qarşı apardığı soyqırım siyasəti ilə bağlı materiallar salınmalıdır ki, şagirdlər bu qanlı tarixi öyrənə, vətənin, xalqın müdafiəsinə borclu olduğlarını dərk edə, ayıq-sayıq böyüyə bilsinlər. Eyni məqsədlə dərs vəsaitinin hazırlanıb ali məktəblərdə seçmə fənn kimi tədris edilməsi də məqsədəuyğun olardı.

Nəhayət, 110 il əvvəl daşnakların xalqımıza qarşı başladıqları soyqırımı siyasətini, onun mahiyyətini, səbəb və nəticələrini dünya ictimaiyyətinə elə çatdırmalıyıq ki, bəşəriyyət ermənilərin zaman-zaman başımıza gətirdiyi fəlakətlərdən xəbərdar olsun, onların yalan və böhtanlarına inanmasın. 

 

Nadir ABDULLAYEV,

professor, əməkdar müəllim