Oğurluq dayələr, yadelli yeznələr, qovulan qonaqlar – ARAŞDIRMA

Onların böyük əksəriyyəti qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olur

Bu il Azərbaycan respublikası prezidentinin müvafiq sərəncamları ilə əcnəbi və vətəndaşlığı olmayan 261 şəxs Azərbaycan respublikasının vətəndaşlığına qəbul edilib, 10 nəfər isə Azərbaycan respublikasının vətəndaşlığına bərpa olunub. Dövlət Miqrasiya Xidmətindən Lent.az-a verilən məlumata görə, onların arasında əsasən vətəndaşlığı olmayan şəxslər üstünlük təşkil edir.

Ötən il Azərbaycana gələn təxminən 900 min əcnəbinin 47,3 faizi Rusiya Federasiyasının, 15,9 faizi Gürcüstanın, 11,5 faizi Türkiyənin, yerdə qalanı isə bütün qitələri əhatə etməklə ayrı-ayrı ölkələrin payına düşüb.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2014-cü ilin oktyabr ayına olan statistik məlumatlarına görə, ay ərzində 2 min 989 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanun-vericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Onlardan 9 nəfərinin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itdiyindən yenisi ilə əvəz olunub, 234 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb. 2077 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, habelə 669 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları (deportasiya) barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə oktyabr ayı ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 10301 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 94001 əcnəbinin müraciəti qeydə alınıb.

Bundan başqa, işə götürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrinin əməkdaşları ölkə ərazisində fəaliyyət göstərən 13 sahibkarlıq subyektində yoxlamalar aparıb. Keçirilmiş tədbirlər nəticəsində 6 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib. Həmçinin bu il Dövlət Miqrasiya Xidməti tərəfindən 106 əcnəbi saxlanılıb. Saxlanılanlardan 93 nəfəri Türkiyə, 5 nəfəri Gürcüstan, 3 nəfəri Türkmənistan, 2 nəfəri Özbəkistan, 1 nəfəri Çin, 1 nəfəri Nigeriya və 1 nəfəri Niderland Krallığı vətəndaşlarıdır. Araşdırma zamanı 1 nəfər Türkmənistan və 1 nəfər Nigeriya vətəndaşının Dövlət Miqrasiya Xidmətindən müvafiq icazələr aldıqları, lakin nəzərdə tutulan vəzifələrinə uyğun olmayan fəaliyyətlə məşğul olduqları müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq həmin əcnəbilərə məxsus icazə vəsiqələri ləğv edilərək müvafiq tədbirlər görülüb. Eyni zamanda, 2010-cu ildən axtarışda olan və barəsində deportasiya qərarı qəbul edilmiş Çin Xalq Respublikasının 1 vətəndaşı isə Şəmkir rayonu ərazisində saxlanılıb və deportasiya edilib.

Dövlət Miqrasiya Xidmətindən onu da bildiriblər ki, Azərbaycana gələn miqrantlar əsasən tikinti, neft-qaz, enerji sektoru və emal sənayesi, iri istehsalat layihələri, yaşayışın təşkili və ictimai iaşə, təhsil, topdan və pərakəndə ticarət, kənd təsərrüfatı, turizm, avtomobillərin təmiri sahələrində çalışırlar.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Dövlət Sosial Müdafiə Fondunun açıqladığı statistikaya əsasən ölkəmizdə daha çox Türkiyə, Gürcüstan və Rusiya vətəndaşlarının yaşadığını bildirdi: “Rəsmi rəqəmlərə görə, Azərbaycanda 200 mindən çox miqrant yaşayır. Dövlət Sosial Müdafiə Fondunda isə əlavə olaraq 4658 nəfər, cəm halda isə 21 min 758 nəfər əmək fəaliyyəti ilə məşğul olan əcnəbi qeydiyyata düşüb. Həmin bu 21 min nəfərin 11 mini, yəni 55 faizi Türkiyə vətəndaşlarıdır. 2500 nəfəri Gürcüstan vətəndaşları, 1300 nəfəri isə Rusiya vətəndaşlarıdır. Ən maraqlısı da budur ki, əcnəbilərlə bağlanan nikahlarda da Gürcüstan, Rusiya və Türkiyə vətəndaşları üstünlük təşkil edir. Biz artıq Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata düşmüş əcnəbilərin statistikasına əsaslanıb, özümüz üçün müəyyən bir panorama yarada bilərik. Statistikada İran, Çin, Hindistan, Pakistan, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Ukrayna, Özbəkistan, Banqladeş və digər ölkələrin vətəndaşlarına da rast gəlmək olur. Yüzdən artıq ölkənin vətəndaşı Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olur. Amma biz bilirik ki, 100 minə yaxın əcnəbi Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olur. Ticarət sahələrində nə qədər pakistanlıya rast gələ bilərsiniz. Son dövrlər Çin təbabəti, tay təbabəti ilə məşğul olanların sayı artıb. Bundan başqa, Azərbaycana Filippindən nə qədər dayələr gətirilib. Bu hal artıq dəb halını almaqdadır. Azərbaycana gələnlərin böyük əksəriyyəti İnkişaf Etməkdə Olan Ölkələrin vətəndaşlarıdır. Son zamanlar isə Orta Asiyadan gələnlərin sayında da artım müşahidə olunur. Hələ il tamamlayıb. Dekabrdan sonra açıqlanan statistikalarla bir çox məqamlara aydınlıq gələcək”.

Azər Allahverənov Azərbaycanda qeydiyyata düşmək istəyən miqrantların sayının artdığını bildirsə də, qeyri-qanuni əsaslarla yaşayanların sayının azalmadığını da qeyd etdi: “Azərbaycana gələn əcnəbilərin böyük əksəriyyəti qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olur. Əsasən miqrantlar tikinti, ictimai iaşə, ticarət, tibb, neft-qaz, təhsil sahəsində çalışır. İctimai iaşə, tikinti, tibb sahəsində türkiyəlilərin faizi artır. İrandan olan həkimlərin də sayı artmaqdadır. Bu siyahıya hindistanlı həkimləri də əlavə edə bilərik. Kompüter texnologiyaları sahəsində koreyalılara rast gəlirik. Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata düşmüş əcnəbilərin statistikasına nəzər saldıqda, neft-qaz sahəsində çalışan 300-dən bir qədər artıq əcnəbinin Böyük Britaniya və Şimali İrlandiya Krallığı vətəndaşlarının olduğunu görürük. Burda sual yaranır? Bəyəm neft-qaz sahəsində elə 300 əcnəbi çalışır? Yox təbii ki. Neft-qaz sahəsinin mütəxəssisləri burda başqa əmək müqavilələri ilə çalışır. Üç-dörd il əvvəl bir tikinti şirkəti Hindistandan Azərbaycana işçi qüvvəsi gətirmişdi. Həmin qrupun heç burda hesabları da yox idi. Tikinti şirkəti sifarişi xaricdən almışdı. Həmin hindistanlıların da bank hesabları öz vətənlərində idi. Aybaay pulları Hindistandakı hesablarına köçürülürdü. Hindistandan olan briqada qapalı şəraitdə yaşayırdı, xüsusi avtobusla daşınırdı. Bəs, Azərbaycanın dövlət büdcəsi bundan nə qazandı? Həmin hindistanlılar sərhədi keçən zaman qeydiyyata düşmüşdülər, aldıqları viza ilə Azərbaycanda müəyyən müddətə yaşamaq hüququ əldə etmişdilər. Qanun da buna o zaman imkan verirdi. Məsələn, çinlilər turist kimi ölkəyə gəlirdilər. Bir ay ərzində burda yaşaya bilirdilər. Bir aydan sonra buranı tərk edirdilər. Onun biznesini isə başqa bir çinli idarə edirdi. Ona görə də Əmək Müfəttişliyi bu cür hallara qarşı daimi reydlər keçirməlidir”.

/Lent.az/