Ombudsman İsveçrənin səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili E. Süleymanova İsveçrənin Azərbaycana və Türkmənistana akkreditə olunmuş səfiri cənab Paskal Abişer, habelə Gürcüstandakı İsveçrə Səfirliyinin Birinci katibi Kevin Tait, İsveçrə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Bölməsinin əməkdaşları Layla Clement və xanım Sabrina Buechler, Şərqi Avropa və Mərkəzi Asiya Regionu üzrə icraçı Koordinatoru Claduio Habicht, İsveçrə səfirliyinin Bakı ofisinin əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul edib…

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili E. Süleymanova İsveçrənin Azərbaycana və Türkmənistana akkreditə olunmuş səfiri cənab Paskal Abişer, habelə Gürcüstandakı İsveçrə Səfirliyinin Birinci katibi Kevin Tait, İsveçrə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Bölməsinin əməkdaşları Layla Clement və xanım Sabrina Buechler, Şərqi Avropa və Mərkəzi Asiya Regionu üzrə icraçı Koordinatoru Claduio Habicht, İsveçrə səfirliyinin Bakı ofisinin əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul edib.

 

Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tanışlıq məqsədi daşıyan görüşdə qonaqları salamlayan E. Süleymanova Ombudsman təsisatının yaranma tarixi, fəaliyyəti, Müvəkkilin mandatı, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi üzrə çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib.

 

E. Süleymanova Ombudsmanın Milli Preventiv Qrupunun (MPM) fəaliyyətini uğurla davam etdirdiyini söyləyib. Həmin qrupun azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərinə, həmçinin penitensiar müəssisələr, müvəqqəti saxlama təcridxanaları, habelə sosial obyektlər, ahıllar və əlillər üçün pansionatlar, psixiatriya xəstəxanalarına mütəmadi olaraq başçəkmələr həyata keçirdiyi bildirilib.

 

Habelə, bildirilib ki, Müvəkkil MPM-in fəaliyyətinə dair ATƏT-in Bakı Ofisi ilə birgə təşkil olunan seminarlar, tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə Ombudsman təsisatının əməkdaşları, o cümlədən Müvəkkilin regional mərkəzlərinin nümayəndələri üçün treninqlər keçirib.

 

Müvəkkil həmçinin, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrasına nəzarətin həyata keçirilməsi ilə bağlı müvafiq Konstitusiya Qanununa əlavə və dəyişikliklər edilməsi barədə də məlumatı qonaqların diqqətinə çatdırıb.

 

E. Süleymanova onu da qeyd edib ki, özlərinin və ailə üzvlərinin müraciətlərinə əsasən, məhkumların qanun çərçivəsində əfv edilməsinin mümkünlüyünü araşdırır və məhkumların əfv olunması ilə bağlı Əfv Komissiyasına müraciətlər ünvanlanır. Fəaliyyət göstərdiyi dövrdə Ombudsmanın vəsatətləri üzrə ümumilikdə 409 məhkum, o cümlədən qadın, yeniyetmə, ahıl, əlil, ağır xəstə olan və b. məhkumlar əfv edilərək azadlığa buraxılıb.

 

Qonaqların təsisatın regional mərkəzləri ilə bağlı sualı da cavablandırılmış, Müvəkkilin Quba, Şəki, Cəlilabad və Gəncə şəhərlərindəki regional mərkəzlərinin fəaliyyəti barədə məlumat verilib.

 

Ombudsmanın peşə vəzifəsini yerinə yetirərkən jurnalistlərin hüquqlarının müdafiəsini də nəzarətdə saxladığı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə birgə regionlarda media təmsilçiləri üçün maarifləndirmə tədbirlərinin keçirildiyi bildirilib.

 

Müvəkkilin fəaliyyətində əhalinin hüquqi maarifləndirməsinin geniş yer tutduğu, vətəndaşların hüquq mədəniyyətinin inkişaf etdirilməsinə önəm verərək bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, Müvəkkilin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində İnsan hüquqları fənni artıq üçüncü ildir və habelə “Genderə giriş” fənninin tədrisinə başlanıb.

 

Qonaqlar Ombudsmanın fəaliyyətini yüksək dəyərləndirib, səmimi qəbul və fikir mübadiləsi üçün təşəkkürlərini bildiriblər.

 

Sia.az