Ombudsman vətəndaşsızlıq vəziyyətində olan şəxsin insan hüquqlarının təmininə nail olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin fəaliyyətinin əsas istiqamətlərindən biri də qayğıya daha çox ehtiyacı olan əhali qruplarının, o cümlədən miqrantların hüquqlarının müdafiəsidir. Fəaliyyətə başladığı ilk günlərdən müvəkkil Elmira Süleymanova bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir, innovativ təşəbbüslər irəli sürür. Bunun bariz nümunəsi kimi Ombudsman təsisatının miqrasiya prosesləri iştirakçılarının hüquqlarının müdafiəsi və təbliği, hüquq pozmalarının qarşısının alınması məqsədilə bir sıra xarici ölkələrin ombudsmanları ilə imzalanmış ikitərəfli əməkdaşlıq sazişləri əsasında görülən işləri qeyd etmək olar. Nəticədə həm həmvətənlərimizin xarici ölkələrdə, həm də xarici vətəndaşların ölkəmiz ərazisində pozulmuş insan hüquqları bərpa edilib. Bundan başqa, qanuni miqrasiyanın təbliği məqsədilə yerlərdə mütəmadi görüşlər və əhatəli müzakirələr keçirilib, həmçinin vətəndaşsızlıq vəziyyətində olan şəxslərin müvafiq sənədlərlə təmin edilməklə statuslarının rəsmiləşdirilməsinə nail olunub.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, müvəkkilin bu istiqamətdə həyata keçirdiyi fəaliyyət çərçivəsində uzun müddətdir heç bir təsdiqedici sənədi olmadan Azərbaycan Respublikası ərazisində yaşayan və 18 aydan artıqdır Quba Rayon Mərkəzi Xəstəxanasının stasionar şöbəsinə yerləşdirilən görmə qabiliyyətini itirmiş Seryakov Viktor Semyonoviçin vətəndaşlıq mənsubiyyəti müəyyən edilib. Bununla bağlı müvəkkilin Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə müraciəti nəticəsində həmin ölkənin Vladimir şəhərində anadan olmuş V.Seryakovun Rusiya Federasiyası vətəndaşlığına mənsubiyyətinin tanındığı məlum olub. Onun pasportla təmin edilməsi məqsədilə səfirlik tərəfindən sonuncunun adına Qayıdış şəhadətnaməsi rəsmiləşdirilib. Bununla yanaşı, həmin şəhadətnamənin surəti, həmçinin V.Seryakovun səhhəti ilə bağlı epikriz və digər tibbi sənədləri Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi tərəfindən təsdiq edilərək Vladimir vilayətinin ombudsmanına göndərilib.

V.Seryakovun RF-nin Vladimir vilayətində qohumlarının və qalmağa yerinin olmadığını nəzərə alaraq, müvəkkilin Rusiya Federasiyasının və Vladimir vilayətinin ombudsmanlarına müraciətindən sonra onun Vladimir şəhərində yerləşən “Yaşayış yeri olmayan şəxslərin reabilitasiya mərkəzi” dövlət sosial müəssisəsinə qəbul olunması məsələsi həll edilib.

V.Seryakov Quba Rayon Mərkəzi Xəstəxanasında olan müddət ərzində onun fiziki, tibbi və psixoloji durumu, ehtiyaclarının ödənilməsi məsələləri diqqətdə saxlanılıb, habelə müvəkkilin tapşırığı əsasında Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görülüb.

Jurnalistlərin və həkimlərin iştirakı ilə mətbuata müsahibə vermiş V.Seryakov saxlanılma şəraiti, ona qarşı rəftar, vaxtlı-vaxtında tibbi xidmətlə təmin olunmasından öz razılığını və minnətdarlığını bildirib.

Sentyabrın 6-da V.Seryakov müvəkkilin nəzarəti altında öz vətəninə yola salınıb.


AZƏRTAC