Peru parlamentində Xocalı soyqırımı ilə bağlı məsələ deputatlar tərəfindən müzakirəyə çıxarılıb və qərar qəbul olunub…
Peru parlamentində Xocalı soyqırımı ilə bağlı məsələ deputatlar tərəfindən müzakirəyə çıxarılıb və qərar qəbul olunub. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərarda deyilir ki, 1987-ci ilin sonlarında Ermənistan-Azərbaycan münaqişəsinin son mərhələsi başlayıb və ermənilər tərəfindən Xankəndindəki azərbaycanlı əhaliyə qarşı hücumlarla daha da kəskinləşib: “1988 və 1989-cu illərdə ermənilərin hücumlarının sayının artması və sonrakı illərdə keçmiş SSRİ-də siyasi stabilliyin olmaması yüz minlərlə azərbaycanlının deportasiya olunmasına gətirib çıxarıb.
1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli qətliam baş verib. Qətliam nəticəsində qadın və uşaqların da daxil olduğu 613 insan öldürülüb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, 76-sı azyaşlı olmaqla 487 nəfər əlil edilib, 26 uşağın hər iki, 130 uşağın isə ən azı bir valideyni qətlə yetirilib.
Soyqırımı kimi qiymətləndirilən və tam şəkildə sənədləşdirilmiş bu hücumun ardınca Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub”.
Qərarda daha sonra BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı 4 qətnamə qəbul etdiyi vurğulanır və qətnamələrdən ətraflı söz açılır. Həmçinin qeyd edilir ki, bu qətnamələrlə BMT-nin Təhlükəsizlik Şurası suverenliyə hörmət, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin pozulmazlığı prinsiplərini bir daha təsdiq edib. Qəbul olunmuş qərarda münaqişə nəticəsində Azərbaycan Respublikasına on milyardlarla dollar ziyanın dəyməsi də öz əksini tapıb. Sözügedən sənəddə göstərilir ki, ATƏT-in Budapeşt Zirvə toplantısının qərarına əsasın 12 may 1994-cü il tarixdə atəşkəs elan edilsə də, atəşkəsin pozulma halları davam etməkdədir və belə hallar 2003-cü ildən bəri daha da intensivləşib.
Qərarın sonunda Peru Konqresinin Xarici Məsələlər Komissiyası Konqresin Plenar İclasına aşağıdakıları təklif edir:
1. Ermənistan və Azərbaycan xalqlarının suverenliyinə tam hörmətini ifadə edərək, Peru Respublikasının Konqresi, bu ölkələrin hökumətlərini münaqişəyə son qoymaq məqsədilə özlərinin uyğun hesab etdiyi formatda və mümkün olan ən qısa müddətdə razılaşma əldə etməyə çağırır.
2. Xocalı qətliamının nümunəsində münaqişə qurbanlarına edilmiş ədalətsizliyin hələ də aradan qaldırılmadığını xatırlayaraq, biz bəyan etməliyik ki, xalqlar arasında əlaqələrin möhkəmlənməsinə və millətlər arasında harmoniyanın yenidən təsis edilməsinə töhfə verəcək mümkün tədbirlər istənilən sülh razılaşmasının əsas elementi olmalıdır.