Politoloq: “Ölkəmizlə bağlı hədələyici bəyanatların sayı getdikcə arta bilər” AÇIQLAMA

“Son dövrlər Azərbaycana qarşı bir çox hədələyici bəyanatların şahidi oluruq…

“Son dövrlər Azərbaycana qarşı bir çox hədələyici bəyanatların şahidi oluruq. Ermənistan prezidenti, Müdafiə Nazirliyi, Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) rəhbərliyi, həmçinin bu yaxınlarda rusiyalı polkovnik tərəfindən Azərbaycan müharibəyə başladığı təqdirdə Rusiya və KTMT-nin Ermənistanın yanında olacağı kimi bəyanatlar səslənməkdədir. Bu cür bəyanatların artması onu göstərir ki, həmin şəxslər Azərbaycanın müharibəyə başlamasından qorxurlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.

 

Onun sözlərinə görə, bu cür bəyanatlar Azərbaycanın müharibə fikrindən daşınmasına hesablanıb: “Onlar bu bəyanatla onu ifadə edirlər ki, əgər Azərbaycanın belə bir niyyəti olsa, onun qarşısı alınacaq. Əgər bu gün bu cür hədələyici bəyanatların sayı artıbsa, demək ki, onların müəlliflərində belə bir inam hasil olub ki, Azərbaycan dövləti hərbi baxımdan o qədər güclənib ki, müharibəyə başlaya bilər. Onlar bu qorxunu hiss etdiklərinə görə də bu cür fikirlər səsləndirirlər. Əslində isə bəyanatlarının real əsası yoxdur”.

 

Politoloq vurğulayıb ki, hərbi ritorikaya söykənən bəyanatların sayı getdikcə daha da arta bilər: “Erməni mətbuatının yaydığı məlumata görə, bu ilin may ayında Ermənistan Gömrük İttifaqına qoşulmaqla bağlı yekun sənəd imzalayacaq. Ermənistan faktiki olaraq hüquqi baxımından bu təşkilatın üzvü olacaq. May ayı yaxınlaşdıqca bu cür bəyanatların sayı daha da arta bilər. Eyni zamanda 2015- ci ildə Rusiya prezidenti Vladimir Putin Avrasiya təşkilatını yaratmaq istəyir və bunu da nəzərə alaraq deyə bilərik ki, bu cür bəyanatların 2015-ci ildə də artma ehtimalı böyükdür. Hər kəsə məlumdur ki, Azərbaycan nəhəng idman yarışına hazırlaşır. Bu həm də siyasi hadisədir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsinə səbəb olacaq. Belə olan təqdirdə Ermənistanın dezinformasiya maşınını daha çox fəaliyyət göstərəcəyi istisna deyil. Ölkəmizə qarşı yönələn bu cür hədələyici bəyanatların sayı arta bilər. Təbii ki, bu cür fikirlər yalnız kəmiyyət baxımından olan şeylərdir. Keyfiyyət baxımından isə onların reallaşma əmsalı sıfıra bərabərdir. Azərbaycan inkişaf etdikcə, müəyyən qüvvələr bu reallığı həzm edə bilmir və ona görə də bu cür bəyanatlar səslənir”.

/sia/