Prezident İlham Əliyev: Hər qonşu xalqlar Gürcüstan və Azərbaycan dövlətləri, xalqları kimi dostluq və sülh şəraitində yaşamırlar

Sizinlə birlikdə danışıqlar apardıq, ikitərəfli münasibətlərin bir çox mühüm, o cümlədən regional məsələlərini müzakirə etdik…

Sizinlə birlikdə danışıqlar apardıq, ikitərəfli münasibətlərin bir çox mühüm, o cümlədən regional məsələlərini müzakirə etdik. Əlaqələrimizin gələcək inkişafı üzrə fikir mübadiləsi apardıq. Deyə bilərəm ki, müzakirə olunan bütün məsələlərdə fikirlərimiz üst-üstə düşür. Trend-in məlumatına görə, bunu fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin şərəfinə rəsmi ziyafətdə çıxışı zamanı deyib.

 

Prezidentin sözlərinə görə, ən başlıcası odur ki, Azərbaycan və Gürcüstan ikitərəfli əlaqələri bütün istiqamətlərdə fəal inkişaf etdirmək niyyətindədir: “Bu gün biz bir növ görülən işləri təhlil etdik və gələcək üçün əlaqələrin inkişaf yollarını müəyyənləşdirdik. Birinci növbədə qarşılıqlı siyasi fəaliyyətin möhkəmləndirilməsi, beynəlxalq təsisatlarda qarşılıqlı dəstək, mühüm qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılmasına sadiqlik – bunlar çox vacib məsələlərdir. Çünki Gürcüstan və Azərbaycan bu məsələlərdə – onun əlaqələndirilməsində, qarşılıqlı fəaliyyətində və qarşılıqlı dəstəkdə çox mühüm rol oynayırlar. Artıq regional çərçivədən kənara çıxan layihələrin reallaşdırılmasında bütün bunlar çox vacibdir “.

 

Dövlət başçısı əmindir ki, energetika sahəsində, nəqliyyat, kommunikasiya infrastrukturlarında Azərbaycan və Gürcüstan qarşıdakı illərdə daha böyük uğurlara nail olacaq: “Biz, həmçinin iqtisadi əlaqələrin inkişafı perspektivlərini müzakirə etdik. Hesab edirəm ki, əmtəə dövriyyəsinin artırılması üçün yaxşı imkanlar vardır. Ölkələrimizin potensialından daha geniş istifadə etmək və sahibkarlara daha yaxşı şərait yaratmaq lazımdır ki, onlar bazarın tələblərinə uyğun olaraq istehsal edilən məhsulların ixracını artırsınlar. Artıq investisiya layihələri həyata keçirilir. Gələcək üçün də perspektivlər vardır “.

 

İlham Əliyev hesab edir ki, qarşıdakı illərdə Azərbaycan və Gürcüstan daha böyük həcmdə investisiyalar yatıracaq: “Bununla da iqtisadiyyatlarımızın daha çox inteqrasiya etməsinə təkan verəcəyik. Bütövlükdə humanitar əməkdaşlıq da daxil olmaqla müzakirə edilən bütün məsələlərdə bizdə qarşılıqlı anlaşma, münasibətlərimizin perspektivinə dəqiq nöqteyi-nəzər mövcuddur “.

 

Prezidentin fikrincə, əsas odur ki, Gürcüstan və Azərbaycan bu gün iki müstəqil dövlət kimi regional və kontinental məsələlərdə mühüm rol oynayır: “Bu qarşılıqlı fəaliyyətin bünövrəsi isə əlbəttə ki, xalqlarımızın arasındakı münasibətdir. Əsrlər boyu xalqlarımız qonşu yaşayıblar, hər zaman bir-birinə dayaq olublar, bir-birini dəstəkləyiblər və gələcəkdə də belə dostluq və anlaşma şəraitində yaşayacaqlar. Bu, bizim qoruya bildiyimiz əsas sərvətdir və biz bunu gələcəkdə daha da zənginləşdirəcəyik.

Əlbəttə xalqlarımız görəndə ki, dövlət rəhbərləri oxşar, eyni mövqeyə malikdirlər və bir-birlərini dəstəkləyirlər bu da, həmçinin onlar üçün qarşılıqlı fəaliyyətin bütün səviyyələrində münasibətlərin möhkəmləndirilməsi və inkişafı üçün yeni imkanlar yaratmaq baxımından yaxşı işarədir. Bizim uğurlu gələcəyimiz yalnız sıx qarşılıqlı fəaliyyət sayəsində mümkündür. Bu məsələlərdə baxışlarımız tam vəhdət təşkil edir. Əminəm ki, ölkələrimiz inkişaf etmiş dövlətə çevrilmək üçün qarşıya qoyulan məqsədlərə nail olacaqdır.

Bilirəm ki, hazırda Gürcüstanda dövlət rəhbərliyi həyatın bütün sahələrində yaxşı nəticələr verən fəal islahatlara başlayıb. Bu islahatlarda onlara uğurlar arzulamaq istərdim. Əminəm ki, nəzərdə tutulanların hamısı gerçəkləşəcəkdir. Biz də öz tərəfimizdən sizin nailiyyətlərinizə, qələbələrinizə yalnız sevinəcəyik və dost, qardaş kimi həmişə yanınızda olacağıq. Tarixin hökmü belədir. Zənnimcə, bu, tarixin, yəqin, həm də təbiətin xalqlarımıza xoş münasibətidir ki, biz qonşu olmuşuq. Bizim münasibətlərin nümunəsi fikrimcə öyrənilməyə layiqdir. Heç də həmişə, hər qonşu xalqlar Gürcüstan və Azərbaycan dövlətləri və xalqları kimi mehriban dostluq, anlaşma və sülh şəraitində yaşamırlar və iki dövlət kimi qarşılıqlı fəaliyyət göstərmirlər. Bu, elə bir sərvətdir ki, biz bunu qorumalı və saxlamalıyıq, belə də edəcəyik. Bizim insanlarımızın, vətəndaşlarımızın güzəranını daha da yaxşılaşdırmaq, ölkələrimizin isə daha güclü olması üçün birgə işləyəcəyik. Gürcüstana uğurlar, qələbələr və gürcü xalqına tərəqqi arzulayırıq “.

 

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili isə çıxış edərək deyib ki, ilk növbədə Azərbaycanın paytaxtı Bakıda gördüklərindən heyrətlənib: “Əlbəttə, səfərimiz bizim ilk görüşümüzün təəssüratları ilə başladı. Biz görüşərək regionun və ölkələrimizin gələcəyi haqqında söhbət açdıq. Amma mən qeyd etmək istərdim ki, gələcək layihələr, problemlər və onların həlli yollarına baxışlarımız üst-üstə düşür. Düşünürəm ki, bu da regionun və bu layihələrin gələcək inkişafına müsbət təsir göstərəcəkdir “.

 

Onun sözlərinə görə, təbii ki, Azərbaycanda gerçəkləşən layihələrə və sürətlə gedən inkişafa heyrətlənməmək mümkün deyildir: “Biz bu gün yeniləşən və müasirləşən Bakını görmək imkanı əldə etdik. Biz bütün gördüklərimizin xoş təsiri altında olduq. Təbii ki, Azərbaycan və hökumətiniz bu inkişafı Heydər Əliyevin rəhbərliyi altında gedən keçmiş proseslərdən alır və çox şadıq ki, bu proseslər bu gün də davam edir, dərinləşir və öz bəhrələrini verir.

Sizin qeyd etdiyiniz kimi, ölkələrimiz arasındakı əməkdaşlıq nəinki region, həm də bir çox xalqlar üçün nümunədir. Biz Sovet İttifaqı dağılandan sonra həm öz dövlətçiliyimizi, həm də bir-birimiz arasında münasibətləri qardaşlıq, qarşılıqlı anlaşma və hörmət əsasında formalaşdıra bildik. Təbii ki, biz gələcəyə böyük planlarla gedirik. Qeyd etdiyiniz kimi, enerji və nəqliyyat layihələri təkcə ölkələrimizin və xalqlarımızın deyil, həm də digər dövlətlərin inkişafına real təminat verir. İnanıram ki, müasir dünyanın əksər dövlətləri bizim əməkdaşlığa baxır və əmin olurlar ki, bu əməkdaşlıq gələcəkdə öz bəhrələrini verəcəkdir. Müvafiq olaraq bu layihələrin inkişafı istiqamətində işləyən tərəfdaş və tranzit ölkə kimi biz əsası qoyulmuş prinsiplərə sadiqik və bu layihələrin gələcəkdə daha da inkişafına ümid edirik. Bir daha qeyd etmək istərdim ki, biz siyasi sahədə də səmərəli əməkdaşlıq edirik. Bu əməkdaşlığın artıq öz tarixi vardır “.

 

Georgi Marqvelaşvili bildirib ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Biz bu mövqeyimizi beynəlxalq forumlarda mütəşəkkil şəkildə nümayiş etdiririk. Təəssüf ki, bizim dövlətlərdə bu problemlər yaranıb və əminəm ki, onlar beynəlxalq hüquq normaları çərçivəsində və sülh yolu ilə öz həllini tapacaqdır. Bizim əməkdaşlığımız bunun üçün zəmin yaradır.

Son 20 il ərzində necə əməkdaşlıq etdiyimizə bir daha nəzər yetirsək görərik ki, bu əməkdaşlıqda xalqlarımız böyük rol oynayır. O xalqlar ki, qardaşlaşıblar, öz ölkələrini inkişaf etdiriblər və qonşu ölkələrə hörmətlə yanaşıblar. Burada ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə vermiş Azərbaycan mənşəli Gürcüstan vətəndaşlarının və gürcü mənşəli Azərbaycan vətəndaşlarının mühüm rolunu qeyd etməmək olmaz.

Bir daha qeyd edim ki, bu gün mənin üçün unudulmaz bir gündür. Əminəm ki, bizim nümayəndə heyətimiz üçün də unudulmazdır. Ölkələrimiz arasında yaranmış dostluq, əməkdaşlıq, mehriban qonşuluq hisslərimizi müvafiq olaraq real layihələrə, real gələcəyə, iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına yönəldəcəyik. Bütün bunlar olduqca əhəmiyyətlidir. Çünki iqtisadi layihələrin arxasında mədəni və mənəvi birlik dayanır. Biz təhsil, elm sahələrində layihələrin inkişafını böyük diqqətlə izləyəcəyik. Əminəm ki, bu sahələr Gürcüstanda da, Azərbaycanda da inkişaf edəcək və bu sahələrdə əməkdaşlığa ümidlə baxacağıq. Qəbula görə Sizə bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm “.

 

Trend.az