Qənirə Paşayeva: AŞPA-nı Ermənistandan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə aparılan danışıqlara zərər vuran hərəkətləri dayandırmağı tələb etməyə çağırırıq

AŞPA-nı Ermənistandan Dağlıq Qarabağ münaqişəsnin tənzimlənməsi üzrə aparılan danışıqlara zərər vuran hərəkətləri dayandırmağı tələb etməyə çağırırıq…

AŞPA-nı Ermənistandan Dağlıq Qarabağ münaqişəsnin tənzimlənməsi üzrə aparılan danışıqlara zərər vuran hərəkətləri dayandırmağı tələb etməyə çağırırıq.

Trend-in məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assembleyasının yaz plenar sessiyası çərçivəsində keçirilən sərbəst müzakirələrdə çıxış edən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib. O, çıxışında Azərbaycanla Ermənistan arasında sərhəd regionlarından birinin nümayəndəsi olaraq regionda mövcud məsələləri diqqətə çatdırmaq və Assambleyanı bu məsələyə diqqətini artırmağa çağırmaq istədiyini bildirib.

Millət vəkili çıxışında bildirib: “Bu yaxınlarda Ermənistan Silahlı Qüvvələri müntəzəm şəkildə atəşkəsi pozmuşdular və erməni snayperləri öz mövqelərindən sərhədə bitişik kəndlərdə yaşayan mülki şəxsləri atəşə tutmuşlar. 9 gün əvvəl millət vəkili olaraq təmsil etdiyim Tovuz rayonunun Əlibəyli kənd sakini, mülki şəxs Etibar Tağıyev Ermənistan silahlı qüvvələrinin onun evini atəşə tutması nəticəsində yaralanmış, ailə üzvləri isə ciddi xəsarətlər almışlar. Bundan başqa digər mülki şəxs Rəşad Əliyev və onun ailəsi eyni aqibətlə üzləşmişdi. Bir neçə gün əvvəl Ruhiyyə Hüseynova, Adil Musayev və Etibar Quliyev də Ermənistan silahlı qüvvələri tərəfindən yaralanmışdılar. Mülki şəxslərin snayperlər tərəfindən vurulması kimi bu cür faklar digər sərhədboyu ərazilərdə də rast gəlinir. Mən bu siyahını uzada bilərəm. Biz AŞPA-nı Ermənistandan Dağlıq Qarabağ münaqişəsnin tənzimlənməsi üzrə aparılan danışıqlara zərər vuran hərəkətləri dayandırmağı tələb etməyə çağırırıq. Ermənistan silahlı qüvvələri Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü pozub və artıq 20 ildən artıqdır ki torpaqların bir hissəsini işğal altında saxlayır və BMT Təhlükəsizlik Şurası və Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə məhəl qoymur və bu gün onlar Azərbaycanın işğal edilmiş torpaqlarını tərk etmir və 100 minlərlə məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan vermir və snayperləri mülki şəxsləri atəşə tutmaqda davam edirlər.

Cəbhə bölgəsində yaşayanlar bizdən AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini gözləyirlər. Biz Assambleyanı bu məsələni ciddi müzakirə etməyə və bu istiqamətdə səylərini sürətləndirməyə çağırırıq. Mən 1 milyon qaçqın və məcburi köçkün adından danışıram, onlar 20 idir ki öz doğma torpaqlarına və evlərinə dönə bilmirlər və bu, Avropa zonasında insan haqlarının ən böyük pozuntusudur. AŞPA Avropa Şurası üzv dövlətlərindən birinin ərazisinin digər üzvü tərəfindən uzunmüddətli işğalı faktına laqeyd yanaşmamalı və bu məsələlərə ciddi yanaşmalıdır. AŞPA-da bu məsələ ilə bağlı son müzakirələrin nə vaxt aparıldığını yada salaq. Bu məsələ ilə bağlı apardığımız müzakirələrin tarixini xatırlayaq, təəssüflər olsun ki, mən xatırlaya bilmirəm. AŞPA-nın qeyd edilən qətnaməsi bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını tərk etməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə dönmələrinə imkan verməlidir. Bu qətnamənin qəbulundan 9 il keçməsinə baxmayaraq Ermənistan onu yerinə yetirməkdən imtina edir “.

Millət vəkili həmkarlarını təkcə müzakirələri aparmaq və sənədlər qəbul etməklə kifayətyənməməyə, habelə qəbul etdikləri sənədlərə ciddi nəzarət həyata keçirməyə çağırıb.

“Sadəcə müzakirələri aparmaq və sənədlər qəbul etmək kifayət deyil. Bu adamlar sizi qəbul etdiyiniz qətnamələrin və sənədlərin yerinə yetirilməsi üzərində ciddi nəzarət həyata keçirməyə, daha effektiv mexanizmləri tətbiq etməyə və onların pozulmuş hüquqlarını müdafiə etməyə və bu məsələ ilə bağlı müzakirələr aparmağa çağırırlar. Bu gün AŞ ərazisində qaçqın və məcburi köçkünlərin təqrbən yarısı Azərbaycanda yaşayır. Mən bizim Assambleyanı yaxın gələcəkdə Cənubi Qafqazda məcburi köçkünlərin vəziyyəti ilə bağlı xüsusi müzakirələr aparmağa çağırıram. Çünki onların yerləşməsinə baxmayaraq biz qaçqınların və məcburi köçkünlərin vəziyyətinə ciddi diqqət yetirməliyik və onlara kömək etməliyik. Mən Assambleyanı bu adamlara ciddi yanaşmağa və 1416 saylı qətnamənin yerinə yetirilməsi üçün öz təsir və təzyiq mexanizmlərini gücləndirməyə çağırıram. Suriyada baş verən son hadisələr hər kəsi narahat edir. Təəssüfedicidir ki, Ermənistan Suriyadan qaçqın düşmüş ermənilərdən öz təcavüzkar xarici siyasətinin aləti kimi istifadə edib, onları Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirir. Ermənistan tərəfindən həyata keçirilən bu addımlar AŞPA-nın sənədlərinə, habelə ATƏT-in fakt araşdırıcı missiyasının müvafiq müraciətlərinə zidd olub, vəziyyəti daha da gərginləşdirməklə münaqişənin sülh yolu ilə həll edilməsinə xələl yetirir. AŞPA Ermənistandan bu təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklər ilə ziddiyyət təşkil edən bu cür hərəkətləri dayandırmağı tələb etməlidir “- Paşayeva çıxışını yekunlaşdırıb .

 

/Trend/