Qənirə Paşayeva: Beynəlxalq təşkilatlar itirilmiş inamı ancaq işğalçıya təzyiq göstərməklə bərpa edə bilərlər

Beynəlxalq təşkilatlar onlara qarşı itirilmiş inamı ancaq işğalçıya təzyiq göstərməklə bərpa edə bilərlər…

Beynəlxalq təşkilatlar onlara qarşı itirilmiş inamı ancaq işğalçıya təzyiq göstərməklə bərpa edə bilərlər. Trend-in məlumatına görə, bunu Milli Məclisin üzvü Qənirə Paşayeva aprelin 14-də Tovuz rayonunun Əlibəyli kəndinin Ermənistan tərəfindən sürəkli atəşə tutulması ilə bağlı mətbuata açıqlamasında belə deyib.

Q.Paşayeva qeyd edib ki, Ermənistan və onun silahlı qüvvələri yenə də özlərinin çirkin hərəkətlərindən əl çəkmirlər. Ermənistan aprelin 14-də yenə də atəşkəsi pozaraq Tovuzun Əlibəyli kəndi istiqamətində kəndi, kənd sakinlərini, onların evlərini, elektrik və qaz xətlərini atəşə tutub. Nəticəsində gərgin və çox narahat bir gün yaşanıb. Lakin, millət vəkilinin sözlərinə görə, ön cəbhədə yaşayan insanlarımız qəhrəmandırlar və Ermənistanın bütün bu insanlıqdan kənar əməllərinə baxmayaq öz evlərinə və torpaqlarına böyük sevgi ilə sahib çıxır, bununla da düşmənə layiqli cavablarını verirlər.

Onun fikrincə, mülki insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq Ermənistanın və onun silahlı qüvvələrinin xislətidir: “Tovuz istiqamətində Silahlı Qüvvələrimiz hər zaman olduğu kimi mülkü insanlarımızın ciddi zərər almaması üçün düşmənə layiqli cavab veriblər. Amma çox təəssüf, görünən odur ki, Ermənistan mülkü insanları incitməkdən zövq almaq kimi insanlıqdan kənar əməllərdən əl çəkmək niyyətində deyil “.

Baş verənlərdə beynəlxalq təşkilatları da ittiham edən Milli Məclisin üzvü artıq onlardan hər hansı ciddi mövqe gözlənilmədiyini bildirib: “ATƏT, BMT və digər beynəlxalq təşkilatların bu məsələlərə laqeyd münasibətini Milli Məclisin son toplantısında ciddi tənqid etmişdim. Yenə də onlardan baş verən hadisələrlə bağlı hansısa ciddi mövqe gözləmirik. Təəssüf ki, insanlar onların ədalətli mövqeyinə inamını çoxdan itiriblər və onlar bu inamı ancaq işğalçıya təzyiq göstərməklə bərpa edə bilərlər “.

 

/trend/