Qətər qəzetləri Azərbaycan həqiqətlərindən yazır

Qətərin ingilisdilli “Peninsula” qəzetinin 18 fevral tarixli nömrəsinin bütöv bir səhifəsi Azərbaycana həsr edilib. Qəzetdə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovla müsahibə və diasporumuzun fəaliyyəti barədə geniş məlumat əks olunub. Bu barədə AZƏRTAC-a səfirlikdən bildirilib.

Səfir Rəşad İsmayılov müsahibədə Azərbaycan-Qətər münasibətləri haqqında geniş məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir ərazilərimizin erməni işğalından azad edilməsinə dair beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT tərəfindən qətnamələrin qəbulunda Qətərin verdiyi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Müsahibədə Azərbaycan-Qətər iqtisadi-siyasi əlaqələri, mövcud müqavilə-hüquq bazası, ikitərəfli əməkdaşlığın əsas prioritet istiqamətləri və ölkəmizin cəlbedici investisiya və turizm imkanları kimi bir çox məsələlərə toxunulub.

Yazıda Qətərdəki Azərbaycan Cəmiyyətinin fəaliyyəti də geniş işıqlandırılıb. Azərbaycan icmasının üzvləri ilə müsahibələrə yer verilərək, Azərbaycan Cəmiyyətinin əsas fəaliyyət istiqamətləri haqqında danışılıb.

Həmçinin Qətərin ingilisdilli “Gulf Times” qəzetinin 18 fevral tarixli nəşrində “Azərbaycan Qətər rezidentləri üçün ölkəyə girişdə viza almaq imkanının yaradılmasını planlaşdırır” başlıqlı yazı nəşr edilib. Yazıda qətərli jurnalistlərin ölkəmizə səfəri zamanı Dövlət Turizm Agentliyində keçirilmiş görüşlərinə istinad edilərək, xarici turistlər, xüsusilə Qətər vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi və ölkəmizdəki mövcud turizm imkanlarından geniş bəhs olunub.

AZƏRTAC