Fevralın 25-dən 26-na keçən o məşum gecədə Xocalıya üç istiqamətdən hücum edildiyindən əhali Əsgəran istiqamətində qaçmağa məcbur olub…
Fevralın 25-dən 26-na keçən o məşum gecədə Xocalıya üç istiqamətdən hücum edildiyindən əhali Əsgəran istiqamətində qaçmağa məcbur olub. Bu istiqamətdə qaçan xocalılılar Ağdam rayonu ilə qonşu olan Əsgəran rayonunun Naxçıvanik kəndi yaxınlığında erməni silahlı dəstələri tərəfindən gülləboran edilib.
Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilib.
Qeyd edək ki, bu hadisələr regiona İranın xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf edib. O, fevralın 25-də o zamankı Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşüb və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırıb. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə martın 1-dək atəşkəs elan edilib. Ermənilər bu razılığa da məhəl qoymayıb.
Mənim işçilərim Gülşən də, rəhmətlik Gülbahar da məlumatları daim ötürürdü
Cavid Əliyev Xocalı Rabitə şöbəsinin müdiri olub. O, şəhəri sonuncu tərk edənlərdəndir: “Xocalılılar şəhəri tərk edəndən sonra, mən rabitəni söndürüb çıxmışam. Fevralın 25-də axşam hamının gözü qarşısında Xocalını mühasirəyə aldılar. Şəhər zirehli texnikalarla mühasirəyə alınmışdı. Ermənilər tanklar, BMP-lər və BTR-lərdən istifadə edirdi. Biz bunlarla bağlı Ağdama və Şuşaya məlumat vermişdik. Mənim işçilərim Gülşən də, rəhmətlik Gülbahar da məlumatları daim ötürürdü. Həmin gecə növbədə Gülbahar idi. O, anası və bacısı ilə birgə həmin gecə öldürüldü. Şəhərdəkilərin hamısı dinc əhali olduğundan qarışıqlıq düşdü, mən də atamı, anamı, bütün qohumlarımı itirdim”.
“Mən isə o gecə Şelli dağında anamı itirdim. O gecə mənim həyatımda ən ağır, ən faciəli gecədir”, – deyə şəhərin digər qadın sakini qeyd edib.
Balaca qardaşımı evimizdə öldürdülər…
Əli kişi evinin Xocalının ən ucqar yerində, Noraguğla üzbəüzdə olduğunu deyib: “Basqın birinci bizim evlərə oldu və bütün məhəlləmizdəki evləri yandırdılar. Balaca qardaşımı evimizdə öldürdülər. Sonra ermənilər zirzəmilərdə gizlənmiş çoxsaylı qadınları və uşaqları güllələdilər. Bizim məhlədə yaşayanların, demək olar ki, hamısı öldürüldü. Məhəlləmizdən iki-üç adam qalmışıq”.
Xocalı sakini olan daha bir qadın hadisələr zamanı ailəsindən üç nəfərin güllələndiyini deyir: “Ermənilər ailəmin üzvləri Əliyev Əyyub Sarı oğlunu, qaynatam Salahov Məhəmməd Əbdül oğlunu və gəlinim Salahova Zəhra Əliabbas qızını öldürdülər”.
O gecə həyat yoldaşımı, nəvəmi, gəlinimi, oğlumu, yeznəmi…
Şəhər sakini Tahir fevralın 25-dən 26-na keçən gecə “Kəsik” deyilən yerə qaçdıqlarını deyir: “Yolda anamız yoruldu, mühasirəyə düşdük. 6 sutka mühasirədə qaldıq, anamız soyuqdan donub öldü. 6 sutkadan sonra Ağdamın Muğanlı kəndinə çatdıq. Qardaşım Tofiq hadisələrdən 12 gün sonra gəlib çıxdı. Soyuqdan hamımızın ayaqları donmuşdu”.
Zülfiyyə xanım isə hadisələr zamanı bütün əzizlərini itirib: “Hamısı Xocalı hadisələri zamanı ermənilər tərəfindən qətlə yetirilib. O gecə həyat yoldaşımı, nəvəmi, gəlinimi, oğlumu, yeznəmi – hamıni itirdim. Yolda hər yer meyitlərlə dolu idi. Qaranlıqda zülmlə meyitləri ayaqlaya-ayaqlaya yol gəldik. Qaynım hələ də girovdur. Ağdama az qalmışdı, yenidən ermənilər qarşımızı kəsdi, hamını qırdı. Qarın üzərində insan meyitləri o qədər idi ki, elə bildirdin qara yaylıq sərilib”.
Gözümün qarşısında neçə kişinin başını kəsdilər…
Adını açıqlamaq istəməyən digər bir qadın əsir götürülüb: “O qırğında anamı, qardaşımı, həyat yoldaşımı, iki bacımı, qohum-əqrəbamı itirmişəm. İki körpə uşaqla ermənilər məni əsir götürdü. Onlar meşədə bizi əsir götürdülər. Əsgərana apardılar. Bizi döyürdülər, gözümün qarşısında neçə kişinin başını kəsdilər”.
Heç birinin məzarı da yoxdur ki, üstündə ağlayasan…
Xocalı sakini olan digər qadın faciə zamanı 28 nəfər yaxınlarının ermənilər tərəfindən öldürüldüyünü bildirib: “Şəhidlərimin 16 nəfəri – bacım, qardaşım, onların həyat yoldaşları və balalarıdır. 7 yaşlı nəvəmin nə günahı var idi, hələ birinci sinifə gedirdi, onu da qəddarcasına öldürdülər. Yeznəm, qudalarım, dayım qızları öldürüldü. Heç birinin məzarı da yoxdur ki, üstündə ağlayasan. Soyuqdan ayaqlarımız dondu. O gecə sanki təbiətin də acığı tutmuşdu. Duman, çiskin, soyuq idi. Qardaşım qızımın ayaqları dondu və əlil oldu, ayaqlarını kəsdilər”.
Xatırladaq ki, Xocalı şəhəri 1991-cı ilin oktyabrından blokadada olub. Oktyabrın 30-dan etibarən şəhərə gedən bütün avtomobil yolları bağlanıb. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də enib. Fevralın ikinci yarısından başlayaraq ermənilər hər gün toplardan, ağır texnikadan şəhəri atəşə tutub. Nəhayət, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Yalnız dinc sakinlərdən ibarət olan şəhər əhalisi qəddarcasına qətlə yetirilib. Ermənilərin silahlı basqını nəticəsində Xocalı şəhəri bütövlükdə yandırılıb. Sakinlərin 613-ü qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Qan yaddaşımızı unutmayaq, unutdurmayaq!
/sia/