“Qanunsuz miqrasiya üzrə risklərin təhlili”nə dair ekspert missiyasının iştirakı ilə tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və mübadiləsi diqqət mərkəzindədir

Dövlət Miqrasiya Xidmətində Avropa Komissiyasının TAIEX layihəsi çərçivəsində “Qanunsuz miqrasiya üzrə risklərin təhlili”nə dair ekspert missiyasınn iştirakı ilə tədbir keçirilib.

Məqsəd Azərbaycan Respublikasına qanunsuz miqrasiya risklərinin müəyyən edilməsinə, təhlükəsizliyi təmin etməklə qanuni miqrasiyanın təşviqinə, eləcə də ölkədə miqrasiya strategiyası layihəsinin hazırlanması prosesinə töhfə verəcək potensial qanunsuz miqrasiya risklərinin müəyyən edilməsi üzrə Avropa İttifaqı Üzv Dövlətlərində tətbiq olunan metodların və vasitələrin öyrənilməsidir.

Tədbirin açılış mərasimində Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev çıxış edərək dünyada baş verən qlobal miqrasiya proseslərinin dövlətlər üçün yaratdığı yeni imkanlar və faydalarından, eləcə də özü ilə gətirdiyi çevik həll mexanizmlərinin tətbiqinin zəruriliyindən bəhs edib. Bildirib ki, bu gün təhlükəsiz ölkələr sırasına daxil edilən respublikamıza turizm, daimi yaşamaq, eləcə də əmək fəaliyyəti ilə məşğul olmaq niyyəti ilə gələnlərin sayında əhəmiyyətli artım müşahidə olunur ki, bu da özü ilə birlikdə qanunsuz miqrasiya riskləri də gətirir.

Xidmət rəisinin müavini söyləyib ki, DMX bu məsələləri xüsusilə diqqətdə saxlayır. Dünyada miqrasiya məsələlərinin daha da intensivləşdiyi bir dövrdə, hələ 2015-ci ildən indiyədək ölkəmizdən Avropaya miqrant daşınmasını həyata keçirən 10-larla dəstə tərəfimizdən aşkar olunaraq qarşısı alınıb. Son dövrlər isə bununla bağlı daha ciddi işlər aparılır və bu istiqamətdə aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə qanunsuz miqrasiya kanallarının qarşısının alınması üçün tədbirlər görülür.

P. Musayev qeyd edib ki, qanunsuz miqrasiya hallarına qarşı mübarizə aparılması, bu risklərin öncədən təhlil edilərək qarşısının alınması məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması Xidmət əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına əhəmiyyətli töhfə verir. Rəis müavini bu baxımdan Avropa İttifaqı ilə miqrasiya sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. Söyləyib ki, DMX hər zaman Avropa İttifaqı ilə məhsuldar və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Miqrasiyanın inkişafa müsbət təsirini gücləndirən təşəbbüslərin və birgə layihələrin davam etdirilməsində maraqlıdır.

Qeyd edək ki, 3 gün davam edəcək tədbirdə Avropanın Sərhəd və Sahil Mühafizəsi Agentliyindən (FRONTEX) və Sloveniya Respublikasından cəlb olunan ekspertlər risk mənbələri, miqrasiya idarəetməsində risklərin təhlili hesabatlarının rolu, onların hazırlanması proseduru və əsas metodologiyası, eləcə də qeyri-qanuni miqrasiyanın təkanverici amilləri kimi mövzularda Avropa İttifaqının qabaqcıl təcrübəsini iştirakçılarla bölüşəcəklər. Tədbirdə, həmçinin Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən nümayəndələr iştirak edir.

Dövlət Miqrasiya Xidməti