Qarabağ döyüşçülərindən çağırış: “Atəşkəs bölgələrində hərbi xidmətə icazə istəyirik”

“Son vaxtlar Ermənistanla cəbhə xəttində gərginlik artıb. Demək olar ki, atəşkəsin ermənilər tərəfindən pozulması adi hal alıb”…

“Son vaxtlar Ermənistanla cəbhə xəttində gərginlik artıb. Demək olar ki, atəşkəsin ermənilər tərəfindən pozulması adi hal alıb”.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) bundan ciddi narahat olduğunu bildirib və bəyanatla çıxış edib.

Birliyin sədri, istefada olan zabit, Qarabağ müharibəsi əlili Füzuli Rzaquliyev Modern.az-a açıqlamasında bildirib ki, onlar bu məsələlərdən ciddi şəkildə narahatdırlar: “Biz bilirik ki, Ermənistan tərəfdən sərhəddi hərbi çağırışçılar deyil, muzdlular qoruyur və onların yaşı və təcrübəsi daha çoxdur. Odur ki, Azərbaycanın atəş xəttində – sərhədyanı bölgələrdə sərhədlərin qorunması üçün keçmiş döyüşçülərin hazır olduqlarını bəyan edirik”.

Füzuli Rzaquliyev həmçinin qeyd edib ki, 70 mindən çox Qarabağ müharibəsi veteranı sərhədlərin qorunması üçün Ali Baş Komandandan icazə istəyir: “Biz Ali Baş Komandana müraciət edib icazə istəyirik ki, sərhədlərimizin qorunması üçün bizə icazə verilsin. Təbii ki, böyük məmnuniyyətlə, bizə icazə verilərsə, torpaqlarımızı qorumaq üçün sərhəd zastavalarında hərbi çağırışçılarla bir yerdə yenidən hərbi qulluq etməyə hazırıq”.

 

/Modern.az/