“Onların bu arzusu gənclər üçün nümunədir”.
Azərbaycan Müdafiə Nazirliyi son günlər I Qarabağ müharibəsi veteranlarının cəbhə xəttində xidmətlə bağlı müraciətinə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, son günlər keçmiş döyüşçülər, müxtəlif veteran təşkilatları Silahlı Qüvvələrimizə dəstək ifadə edərək torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə xidmət keçən şəxsi heyətə dayaq olacaqları ilə bağlı rəsmi və kütləvi informasiya vasitələri ilə Müdafiə Nazirliyinə xeyli sayda müraciət ünvanladıqlarını bəyan edib.
“Bu proses əsasən cari ilin əvvəlindən düşmən tərəfindən atəşkəs rejiminin pozulması intensivliyinin artması nəticəsində müşahidə olunan gərginlikdən sonra daha da çoxalıb. Bu məzmunlu müraciətlər bu gün də Müdafiə Nazirliyinə daxil olmaqdadır və onlar diqqətlə nəzərdən keçirilir.
Onu da bildiririk ki, yaş həddi, sağlamlığı, hərbi hazırlığı və nizam-intizamı yüksək olan, ixtisaslı hərbi vəzifəlilər ehtiyac olduğu halda, qanunvericiliyin tələblərinə uyğun mütəmadi olaraq Silahlı Qüvvələr sıralarına çağırılır”, – deyə məlumatda qeyd olunur.
Məlumatda deyilir ki, Müdafiə Nazirliyi hazırda müharibə veteranları təşkilatları ilə sıx əlaqələr quraraq görüşlər keçirir və birgə yerinə yetiriləcək tədbirləri planlaşdırır:
“Müharibə veteranlarının yenidən cəbhədə, düşmənlə üz-üzə xidmət etmək arzusu və çağırışları hazırda Silahlı Qüvvələrdə xidmət edən şəxsi heyət üçün mənəvi dayaq, orduda gələcəkdə xidmət edəcək gənclər üçün əvəzolunmaz nümunə və Vətən üçün böyük bir şərəfdir.
Keçmiş döyüşçülərin vətənpərvərlik çağırışları ilə zəngin müraciətləri şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin və mənəvi-psixoloji hazırlığının artırılmasına müsbət təsir göstərir, Müdafiə Nazirliyinin rəhbərliyi də bu təşəbbüsü yüksək qiymətləndirir və onların hər birinə minnətdarlığını bildirir”.