“Qondarma “erməni soyqırımı” və tarixi həqiqətlər”

Bu gün AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qondarma “erməni soyqırımı” və tarixi həqiqətlər” mövzusunda elmi sessiya keçirilib…

Bu gün AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qondarma “erməni soyqırımı” və tarixi həqiqətlər” mövzusunda elmi sessiya keçirilib. İnstitutdan SİA-ya verilən xəbərə görə, sessiyanı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva qeyd edib ki, dünya xalqlarına həqiqəti çatdırmaq üçün geniş miqyaslı fəaliyyət aparılmalıdır.

Şərqşünaslıq İnstitutu “Türkiyə tarixi və iqtisadiyyatı ” şöbəsinin baş elmi işçisi İnqilab Əlibəyov tədbirdə “1915-ci ildəki qondarma “erməni soyqırımı “na münasibət ” mövzusunda məruzə edib. O, məsələnin mənşəyi, mahiyyəti və müasir təzahür formalarından danışaraq, ermənilərin bu məsələni gündəmdə saxlamaq üçün göstərdiyi fəaliyyətdən söz açıb. Məruzəçi çıxışında qondarma “erməni soyqırımı “nın uydurma olduğunu konkret faktlarla diqqətə çatdırıb.

Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir tarixi ” şöbəsinin müdiri Esmeralda Həsənova “soyqırımı ” kəlməsinin mahiyyətindən söz açaraq, bu hadisələri soyqırımı adlandırmağın tamamilə yanlış olduğunu bildirib. Konkret tarixi faktları diqqətə çatdıran E. Həsənova ermənilərin həmin dövrdə apardıqları məkrli siyasəti ifşa edən məlumatları diqqətə çatdırıb.

Türkiyənin Azərbaycandakı səfirinin mədəniyyət və turizm üzrə müşaviri Seyid Ahmet Arslan çıxış edərək, ermənilərin qondarma soyqırımını dünya ictimaiyyətinə tanıtdırmaq cəhdlərindən danışıb, Türkiyə və Azərbaycan dövlətlərinin bu təbliğata qarşı apardığı fəaliyyətdən, atılan addımlardan söz açıb. Sessiyadakı elmi məruzə və çıxışları çox yüksək dəyərləndirən diplomat, tədbiri təşkil etdiyinə görə Şərqşünaslıq İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib.

 

/Sia/