Qubadlıda Suriya erməniləri məskunlaşır

“Biz daha 12 ev inşa etməyi planlaşdırırıq”…

“Biz daha 12 ev inşa etməyi planlaşdırırıq”.

Suriya ermənilərinin Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz yerləşdirilməsi davam edir. Bu dəfə iki erməni ailəsinə Qubadlı rayonunda mənzil verilib.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, erməni KİV-in yaydığı məlumata görə, mənzillər “Tufenkyan” və “Kaşataq” xeyriyyə fondlarının maliyyə dəstəyi ilə tikilib.

Mənzillərin təhvil verilməsi zamanı çıxış edən “Tufenkyan” təşkilatının direktoru Andranik Qasparyan bildirib ki, belə tikintilər davam etdiriləcək.

“Proses hələ tam başa çatmayıb. Biz daha 12 ev inşa etməyi planlaşdırırıq” – deyə, A.Qasparyan bildirib.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlayandan bu yana ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda yerləşdirilməsi geniş hal alıb. Suriya ermənilərinin daha çox Laçın və Zəngilana yerləşdirildiyi bildirilir. Xarici KİV-lərin yazdığına görə, Dağlıq Qarabağda 3 mindən çox Suriya ermənisi məskunlaşdırılıb. Ermənistan tərəfi qondarma rejimin inkişafına təkan verəcəyi ümidi ilə Suriyadan köç prosesinin sürətləndirilməsi istiqamətində səylərini davam etdirir. Azərbaycan dövləti isə dəfələrlə bu təxribata qarşı etiraz edib.

İşğalçı Ermənistan Respublikası Azərbaycanın zəbt olunmuş ərazisində yaratdığı separatçı “Dağlıq Qarabağ Respublikası”nın qondarma “xəritəsində” işğal altındakı rayonlarımıza özlərinə məxsus “adlar” qoyublar. 

Ermənilərin belə “xəritələrində” Kəlbəcər rayonunu “Karvaçar”, Laçın rayonunu “Kaşataq”, Laçın şəhərini “Berdzor”, Cəbrayıl rayonunu “Djrakan”, Zəngilan rayonunu  “Kovsakan”, Qubadlı rayonunu “Sanasar”, Ağdərə bölgəsini “Mardakert”, Şuşanı “Şuşi”, Xankəndini “Stepanakert”, Füzuli rayonunu “Varanda”, Xocavənd rayonunu “Martuni”, Ağdam rayonunu “Akna”, Xocalını “İvanyan” kimi qeyd ediblər.

 

/Oxu.az/