Əmək Məcəlləsinə edilən dəyişikliklər dövlət nəzarətini həyata keçirən orqanlara elektron nəzarət sisteminin qurulmasına, qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətində səmərəli fəaliyyətinə, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasına, vətəndaşların layiqli pensiya təminatına gətirib çıxaracaq…
Əmək Məcəlləsinə edilən dəyişikliklər dövlət nəzarətini həyata keçirən orqanlara elektron nəzarət sisteminin qurulmasına, qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətində səmərəli fəaliyyətinə, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasına, vətəndaşların layiqli pensiya təminatına gətirib çıxaracaq. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bundan sonra əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranacaq.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında ” 2013-cü il 27 dekabr tarixli qanunla Əmək Məcəlləsində müvafiq dəyişikliklər edilib. Qeyd olunan qanunun tətbiqi barədə Azərbaycan Prezidenti 2014-cü il 3 fevral tarixli fərman imzalayıb. Fərmanın tətbiqi ilə əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müəyyən tapşırıqlar verilib. Verilmiş tapşırığa əsasən əmək müqaviləsi bildirişinin formasının və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalarının, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat formasının, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaların bir ay müddətində hazırlanması nəzərdə tutulub. Dəyişikliyə əsasən əmək qanunvericiliyinə əmək müqaviləsi bildirişi anlayışı daxil edilib. Əmək müqaviləsi bildirişi – əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir.
İ.İsayev qeyd edib ki, Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
Xidmət rəisi vurğulayıb ki, bu dəyişikliklərdən sonra təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər: “Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumatın göndərilməsi nəzərdə tutulub. Bu Qanun qüvvəyə mindiyi günədək yazılı bağlanılmış və qüvvədə olan əmək müqavilələri üzrə əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınması məqsədi ilə işəgötürənlər tərəfindən həmin elektron informasiya sisteminə daxil edilməsinə 2014-cü ilin 1 iyul tarixinədək vaxt verilib “.
İ.İsayev nəzərə çatdırıb ki, Əmək Məcəlləsinin 43-cü maddəsinə edilən dəyişikliklərə əsasən əmək müqaviləsində göstərilən şərtlər və məlumatların da dairəsi genişləndirilir. Belə ki, bundan sonra müqavilədə işçi barədə məlumatlara onun şəxsiyyətini təsdiq edən sənədin pin kodu barədə məlumatların da əlavə edilməsi tələb olunacaq. Eyni zamanda, müqavilədə işəgötürən barədə məlumatlara əlavə olaraq sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), şəxsiyyətini təsdiq edən sənədin pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN) barədə məlumatların göstərilməsi tələb olunacaq. Göstərilən əlavə məlumatlar əmək müqaviləsi bildirişlərnin işəgötürənlər tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilməsini asanlaşdıracaq.
Xidmət rəisi bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklər məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etməyə və qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasına hədəflənib. Artıq bütün işəgötürənlərin, eləcə də işçilərin onlar tərəfindən bağlanmış əmək müqavilələri barədə məlumatları əmək müqaviləsi bildirişləri vasitəsi ilə real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən əldə etmək imkanları olacaq. Bununla da hər iki tərəf əmək müqavilələri ilə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalacaq: “Əmək müqaviləsi bildirişləri işçilər üçün ilk növbədə əmək hüquqlarının və bu hüquqlardan irəli gələn digər, o cümlədən sosial təminat hüquqlarının müdafiəsinin təminat formasıdır. Bu sənəd vasitəsilə işçilərdə göstərilən hüquqların icrasını işəgötürəndən tələb etmək imkanı yaranır. Eyni zamanda, əmək müqaviləsi bildirişləri işəgötürən üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının qorunmasının təminat formasıdır. Bu sənəd vasitəsilə işəgötürənlər işçilərlə münasibətdə əmək müqaviləsində razılaşdırılmış şərtlərin şəffaf şəkildə icrasını təmin edə bilirlər “.
2014-cü il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda iqtisadi fəal əhalinin ümumi sayı 4757,8 min nəfər təşkil edir. Onlardan 4521,2 min nəfəri əmək fəaliyyəti ilə məşğuldur.
Azərbaycanda 2 691 357 nəfərin fərdi sosial sığorta hesabı var ki, bu da ötən ilin əvvvəlinə olan göstəricini 15,8 faiz üstələyir. 2013-cü il ərzində fərdi hesabları açılan və sosial sığorta üzrə vəsiqə verilən şəxslərin sayı 425 283 nəfər artıb.
2014-cü ilin əvvəlinə olan məlumata görə, əhalinin ümumi sayı 9477,1 min nəfər təşkil edir.
/Trend/