Onun sözlərinə görə, hücum edənlərə müsəlman deyilə bilməz…
Onun sözlərinə görə, hücum edənlərə müsəlman deyilə bilməz.
Çeçenistanın rəhbəri Ramzan Kadırov ABŞ və Qərb ölkələrinin Suriyadakı erməni kəndlərinin atəşə tutulması faktını araşdırmamaları ilə bağlı narahatlığını ifadə edib və onları terrorçuları dəstəkləməkdə günahlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
“Suriyada növbəti dəfə dinc sakinlərin qanı tökülüb. Suriya rəhbərliyinin məlumatına görə, Türkiyə tərəfdən gələn yaraqlıların hücumu nəticəsində Kesab şəhərində yüzədək insan həlak olub. Bunlar Suriyanın yerli sakinləri, ermənilərdir”, – deyə, Kadırov öz İnstagram-da yazıb.
“Rəsmi məlumatlara görə, Kesaba hücumda Əl-Qaidənin “ən-Nüsra Cəbhəsi” qruplaşması və “İslam cəbhəsi”ndən olan yaraqlıları iştirak ediblər. Tam məsuliyyətimlə deyirəm ki, həmin terrorçuların islama heç bir aidiyyatı yoxdur. Onlar müsəlman deyillər”, – deyə, o, vurğulayıb.
Kadırov sonda Kesabda və Suriyanın digər şəhərlərində həlak olanların ailələrinə başsağlığı verib.
Qeyd edək ki, martın 21-də əhalisinin əksəriyyətini ermənilərin təşkil etdiyi Kesab şəhərinə hücum zamanı rəsmi məlumatlara görə 80 nəfər həlak olub.
Münaqişəyədək Suriyada 190 min erməni yaşayırdısa, bu gün onların sayı 60 mini ötmür.