“Azərbaycan tərəfdən itkilər var”…
“Azərbaycan tərəfdən itkilər var”.
Rusiya mətbuatı ermənilərin Naxçıvana hücumu barədə yazıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, başda “Moskovski Komsomolets” saytı olmaqla bir sıra Rusiya KİV-ləri “Ermənistan Azərbaycanla müharibəyə başladı”, “Ermənistan döyüşlər zamanı Azərbaycana soxuldu, qanlı döyüşlər gedir”, “Ermənistan elan olunmamış müharibəyə başladı” başlıqlı məqalələr dərc edib.
Həmin xəbərlər Azərbaycan mətbuatına istinadən verilib. Bildirilir ki, Culfa rayonunun Ləkətağ kəndinin sakini Aynur Sərkərovun verdiyi məlumata görə, ermənilər Naxçıvana giriblər və Azərbaycan tərəfdən itkilər var.
Hətta həmin yazılarda qeyd olunur ki, guya Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda yaranmış vəziyyətlə bağlı heç bir məlumat vermir. Ümumiyyətlə, telefon zənglərinə cavab vermir. Təbii ki, bu dezinformasiyadır.
Qeyd edək ki, nazirlik Naxçıvanla bağlı yayılan xəbərlərə aydınlıq gətirmişdi. Nazirliyin açıqlamasında bildirilirdi ki, yayılan məlumatlar şayiədir. Bu tipli xəbərlərin heç bir əsası yoxdur. Belə məlumatların yayılması ölkədə sabitliyin pozulmasına hesablanıb.
Yerli sakinlər isə bildirmişdilər ki, hazırda rayonda sakitlikdir. Həyat öz axarı ilə gedir. Heç bir problem yoxdur.