ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xocalı faciəsinin anım günü ilə bağlı bəyanat yayıb…
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xocalı faciəsinin anım günü ilə bağlı bəyanat yayıb. Bu barədə Trend ABŞ-ın Azərbaycandakı səfirliyinin Facebook səhifəsinə istinadən xəbər verir.
R.Morninqstar bildirib: “Biz Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayırıq.İstənilən insan itkisi faciədir və Ermənistanla Azərbaycan arasında müharibədə hər iki tərəfdə baş vermiş insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır “.
Səfirin sözlərinə görə, yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər: “Amerika Birləşmiş Ştatları Minsk qrupunun həmsədri kimi, sülhə nail olmaq üçün tərəflərlə birgə işləməyə sadiqdir “.
Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
/Trend/