İran parlamenti (İslami Şura Məclisi) Xocalı soyqırımını müzakirəyə çıxartmağı planlaşdırır…
İran parlamenti (İslami Şura Məclisi) Xocalı soyqırımını müzakirəyə çıxartmağı planlaşdırır. Bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Xocalı soyqırımı ilə bağlı fikirlərini bildirərkən deyib.
M.Pakayin qeyd edib ki, İran Azərbaycan xalqının Xocalı faciəsi ilə bağlı acısını bölüşür. İran istənilən kəs və ya dövlət tərəfindən törədilən istənilən qətliamı pisləyir.
O, əlavə edib ki, ötən il sentyabrın sonunda iki ölkənin parlamentlərarası dostluq qrupu İslami Şura Məclisinin Xocalı soyqırımına dair mövqe bildirməsi məqsədilə birgə məktub hazırlamaq və onu İran parlamentinə təqdim etməklə bağlı razılığa gəliblər.
M.Pakayin deyib ki, İran Dağlıq Qarabağ münaqişəsi məsələsinə həssaslıqla yanaşır və regional münaqişələrin həllində kənardan müdaxilələri qəbul etmir.
Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
/Trend/