Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatda (Qocalar evi) dövlət himayəsində yaşayan tənha ahıl və əlillərin yaşayış şəraiti və onlara göstərilən xidmətin vəziyyəti ilə yerindəcə tanış olub…
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatda (Qocalar evi) dövlət himayəsində yaşayan tənha ahıl və əlillərin yaşayış şəraiti və onlara göstərilən xidmətin vəziyyəti ilə yerindəcə tanış olub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatda hazırda 155 nəfər tənha ahıl və əlil tam dövlət himayəsində yaşayır, daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Pansionatda əsaslı təmir işləri aparılmaqla, pansionat üçün ikinci korpus inşa edilib və Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.
Pansionatın sakinləri ilə görüşən S. Müslümov bu sosial xidmət müəssisəsində mövcud şəraitlə bağlı onların rəylərini öyrənib.
Tənha ahıl insanlar onlara göstərilən dövlət qayğısından, o cümlədən burada onlar üçün yaradılan şəraitdən, təminatlarının həyata keçirilməsindən razılıqlarını ifadə ediblər.
Görüş zamanı ahıl yaşdan daha aşağı yaşda olan və pansionatın təyinat profilinə uyğun olmayan şəxslərin də əvvələrdə pansionata yerləşdirildiyi nazirin diqqətinə çatdırılıb.
S.Müslümov problemlə tanış olduğunu, yaşı 63-dən yuxarı tənha vətəndaşlar üçün nəzərdə tutulan bu pansionatda əvvəllər daha aşağı yaşda olan insanların da məskunlaşdırıldığını qeyd edib. Halbuki həmin insanlar təyinatı üzrə müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilməlidirlər.
Artıq pansionata yeni rəhbərin təyin edildiyini və əvvəllər yol verilmiş belə nöqsanların aradan qaldırılacağını, hər bir sosial xidmət müəssisəsinin öz təyinatı üzrə fəaliyyət göstərməli olduğunu deyən S. Müslümov pansionatın profilinə uyğun olmadan burada yerləşdirilən 16 nəfərin nazirliyin tabeliyində olan digər sosial xidmət müəssisələrində yerləşdiriləcəyini və onların hər birinin bundan sonrakı həyat şəraitlərinin diqqətdə saxlanılacağını, eyni zamanda onların içərisində əlilliyi olan şəxslərin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiyası Mərkəzində peşə reabilitasiyasına cəlb olunacağını bildirib. Həmin şəxslər, eləcə də pansionatın sakinləri məsələnin bu cür həllindən razı qaldıqlarını və minnətdarlıqlarını bildiriblər.
Daha sonra S. Müslümov Nazirliyin Buzovna 9 saylı ruhi-əsəb əlilləri və qocalar üçün ixtisaslaşdırılmış internat evinə (Bakı şəhəri, Sabunçu rayonu, Buzovna qəsəbəsi, Beynəlmiləl küçəsi 40.) gəlib.
Hazırda 214 nəfərin dövlət himayəsində yaşadığı internat evinin ayrı-ayrı sakinlərinin göstərilən xidmətlə bağlı fikirlərini dinləyən nazir burada yaşayanların məişət şəraiti, qida, geyim və tibbi xidmətlə təminatı vəziyyətini yerindəcə öyrənib və xidmət səviyyəsinin daha da yaxşılaşdırılması üçün tədbirlərin görüləcəyini bildirib.
Trend.az