Strasburq. Fuad Qulubəyli – APA. Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri çıxışlarında Rusiyanın işğalçı siyasətindən danışarkən Ukrayna, Gürcüstan və Moldova ilə yanaşı, Azərbaycanın da təcavüz və işğala məruz qaldığını vurğulayıblar. APA-nın Avropa müxbiri xəbər verir ki, ukraynalı deputat Vladimir Pilipenko Rusiyanın Krımı işğal etməsindən bəhs edərkən bunları deyib: “Əvvəl Azərbaycan idi, sonra Gürcüstan, indi isə Rusiya Ukraynanın ərazilərinin işğalına başlayıb. Biz Rusiyanı dayandırmasaq, görəsən növbəti ölkə hansı olacaq?..”
Müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə Avropa Şurasını ikili standartların tətbiqində və məntiqsizlikdə ittiham edib: “Mən burada həmişə demişəm və indi yenidən ikili standartlardan yanaşmanı görürəm. Azərbaycanın 20 faiz ərazisi 20 ildir Ermənistan tərəfindən işğal altındadır və biz Avropa Şurasına üzv olduğumuzdan bu yana hər dəfə bu məsələni qaldırmışıq, işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə səsləmişik. Ancaq bizim sözümüzə fikir verən olmadı. İndi Rusiyaya qarşı sanksiya tətbiq etmək istəyirik, bəs necə olur ki Avropa Şurasında bir üzv ölkə digər üzv ölkənin ərazilərini 20 ildir ki, işğal edir, amma təşkilat bu illər ərzində heç sanksiya haqda eşitmək belə istəmir. Əgər biz Avropada, təşkilatımızda dəyərləri qoruyub saxlamaq istəyiriksə, daha əvvəllərə, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi vaxtlara getməliyik və əvvəl bu işğalçı siyasətə qarşı sanksiyalar tətbiq etməliyik”.
Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri isə Rusiyanı dəstəkləyərək assambleyada bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsinə qarşı çıxıb.
/Apa/