saytı Karnegi Fondunun məşhur tədqiqatçı-jurnalisti Tomas de Vaalın Ermənistanın hazırki prezidenti Serj Sərkisyanla məşhur müsahibəsindən bəzi məqamları Xocalı soyqırımına aid olduğuna görə təqdim edir…
saytı Karnegi Fondunun məşhur tədqiqatçı-jurnalisti Tomas de Vaalın Ermənistanın hazırki prezidenti Serj Sərkisyanla məşhur müsahibəsindən bəzi məqamları Xocalı soyqırımına aid olduğuna görə təqdim edir.
Müsahibənin Xocalı hadisələrinə aid hissəsindən de Vaalın “Qarabağ – qara bağ” kitabında istifadə olunub.
Serj Sərkisyan müsahibəsində, faktiki olaraq, Xocalıdakı əməliyyatın cəza xarakterli olduğunu və dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyini etiraf edib. Lakin bu kitab dərc olunduqdan sonra Ermənistan tərəfi de Vaalı saxtalaşdırmada ittiham edib. Tədqiqatçını Azərbaycanın əlaltısı olmaqda və qəsdən saxtakarlıqla məşğul olmaqda ittiham edənlər də olub.
Bütün bu ittihamlarla əlaqədar tədqiqatçı müsahibənin tam mətnini yayıb. Bu mətndən məlum olur ki, Serj Sərkisyan hətta daha çox şey danışıb, daha açıq və əvvəllər göründüyündən daha ədəbsiz olub. Nəşrin detalları göstərir ki, de Vaalda 15 dekabr 2000-ci ildə Ermənistanda Sərkisyan müdafiə naziri vəzifəsini tutarkən alınmış o müsahibənin audio-yazısı var.
Aşağıda müsahibənin Xocalı hadisələrinə və 366-cı alaya aid hissəsini təqdim edirik.
Tomas de Vaal: Bəli. Amma mən deyə bilərəm ki, məndə olan məlumatlara görə 366-cı alay sizə kömək edirdi, Xocalıda sizə dəstək olub və 1992-ci ilin sentyabrında Azərbaycanın hücumunun qarşısını almaq üçün rusların yardımı olub.
Serj Sərkisyan: Mən 366-cı alayın bəzi zabitlərinin müəyyən mənada iştirakını inkar etmirəm, amma, birincisi, bu alay bizə deyil, özlərinə kömək edirdi, çünki azərbaycanlılar “Qrad”la təkcə bizə deyil, 366-cı alaya da zərbə endiriblər. Odur ki, qoy onlar öz əməlləri barədə düşünsünlər.
İkincisi, 366-cı alayda çox sayda erməni zabiti var idi, onlar komandanlıqdan xəbərsiz bizə kömək edə bilərdilər. Və belə də etdilər. Qarabağ ordusunun hazırki komandanı, general-leytenant (Seyran) Ohanyan orada batalyon komandiri idi. O bizə necə kömək etməyə bilərdi? Amma bir, iki və ya üç zabit bizə kömək edibsə, bunun 366-cı alayla heç bir əlaqəsi yoxdur
Tomas de Vaal: Ordunun peşəkarlaşma dərəcəsindən danışırıqsa, mən də Xocalı ilə bağlı sual vermək istəyirdim. Çünki heç kim çox sayda azərbaycanlının Xocalıdan qaçarkən həlak olduğunu və bunun Əsgəran yaxınlığındakı hansısa Qarabağ dəstələrinin işi olduğunu inkar etmir. Amma, niyə siz bunu peşəkar Qarabağ əsgərlərinin deyil, qəzəblənmiş insanların törətdiyini deyirsiniz?
Serj Sərkisyan: Bilirsiniz, belə şeylər haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən də belə edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş rəhbəri deyirdi ki, bu, ermənilər deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər.
Bundan başqa, demək olar ki, Stepanakertin tam yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tutdular. Amma, zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu.
Bu gənclərin arasında Bakıdan, Sumqayıtdan qaçanlar da olduğunu nəzərə almaq lazımdır. Baxmayaraq ki, mənim fikrimcə çox şey şişirdilib. Azərbaycanlılara hər-hansı yeri Sumqayıtla eyniləşdirmək üçün bəhanə lazım idi. Amma onları heç cürə müqayisə etmək olmaz. Bəli, Xocalıda da həqiqətən dinc əhali var idi. Amma dinc əhali ilə birgə əsgərlər də var idi. Və güllə uçarkən dinc sakini əsgərdən fərqləndirmir, onun gözü yoxdur. Getmək üçün gözəl imkan olmasına baxmayaraq, dinc əhali orada qalırsa, deməli o da döyüş əməliyyatlarında iştirak edir…
Və orada dəhliz harada isə onları güllələmək üçün qoyulmamışdı, Ağdamın girəcəyində deyil, Xocalıda da güllələmək olardı.
Tomas de Vaal: Mənə elə gəlir ki, sadəcə olaraq, siz adətən dəhliz qoyurdunuz ki, …
Serj Sarkisyan: Bu, əsasən Xocalıdan sonra belə oldu. Çünki əslində bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi. Başqa cür ola da bilməzdi. Amma bu metodu biz düşünmədik. Bunu, Hadrut və Şuşa rayonlarından öz milislərinin köməyilə bizimkiləri qovarkən onlar düşündülər.
/Modern.az/