“Şərq Tərəfdaşlığı” üzrə yüksək səviyyəli konfrans mayda Brüsseldə keçiriləcək

Belçikanın paytaxtı Brüssel şəhərində “Şərq Tərəfdaşlığı” üzrə yüksək səviyyəli konfrans keçiriləcək.

Bu barədə “Report”a eksklüziv müsahibəsində Rumıniyanın xarici işlər naziri Teodor-Viorel Meleskanu bildirib.

O qeyd edib ki, “Şərq Tərəfdaşlığı” proqramına qoşulan bütün ölkələrin dəvət olunduğu görüş mayın 14-də baş tutacaq.

“Bu, “Şərq Tərəfdaşlığı” proqramının 10 il ərzində mövcudluğunu qeyd etmək və yekunlar vurmaq üçün əla fürsət olacaq. Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlər üçün bu həm də 10 ildən sonra Avropanın mərkəzində toplaşmaq və gələcəklə bağlı baxışlarını bölüşmək üçün gözəl imkan olacaq”, – nazir deyib.

“Şərq Tərəfdaşlığı” proqramı 2009-cu ildə Aİ tərəfindən yaradılıb. Onun əsas məqsədi altı ölkə – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.

Xatırladaq ki, bu ilin ilk yarısında Rumıniya Avropa İttifaqı Şurasına sədrlik edir.

Report