Sərsəngin harayı ” dünyaya çatır

 Neçə illərdən bəri qəzalı vəziyyətdə olan bu nəhəng  dəryaçanın harayı, nəhayət, 3 ay bundan əvvəl AŞPA – da böyük əks – səda doğurdu

Ölkəmizin Avropada yaxşı tanınan QHT qurumu olan AVCİYA – nın prezidenti E.Süleymanovun AŞPA prezidenti Jan Klod Minyon, AŞPA baş katibi Voyçex Saviski  və AŞPA Büro üzvlərinə məktubunda deyilirdi:

“ Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Sərsəng Su Anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihənin icrasına başlayıb. Bu anbar 1976-cı ildə Tərtər çayı üzərində 726 metr yüksəklikdə inşa edilib, 125 metr hündürlükdəki bəndin su tutumu  560 milyon kubmetrdir. Ermənistanın silahlı təcavüzü və işğalından əvvəl Sərsəng su anbarından kanallar vasitəsilə Azərbaycanın düzənlik hissələrində yerləşən 7 rayonunun əkin sahələri bu dəryaçadan  suvarılırdı. 1992-ci ildən Ermənistanın işğalı altında qalan Sərsəng Su Anbarından bu rayonlar istifadə etmək imkanlarından məhrum edilib.

 Bu 20 ildən çox müddətdə texniki qurğular və avadanlıqlar  baxımsızlıq və onlara xidmət göstərilməməsi nəticəsində hazırda dəryaça qəza vəziyyətinə düşüb. Bu su anbarının təbii fəlakət, texniki və ya əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür. İndi Sərsəng su anbarı Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib. Hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla və bioloji müxtəlifliyin məxfiliyi  ilə yanaşı, Azərbaycanın işğal edilməmiş ətraf düzənlik rayonlarında məskunlaşmış 400 000 mülkü əhalinin həyatı Sərsəng Su Anbarında yaranmış vəziyyətlə bağlı daim gözlənilməz təhlükə altındadır və bu bölgənin əhalisi qəza  girovuna çevrilib. “

Müraciətdə daha sonra deyilirdi ki,  işğalçı qonşu dövlət Sərsəng su anbarından suyu qışda buraxdığından,  bu rayonların torpaqları su altında qalır, yollar dağılır, sel suları baş alıb gedir. İnsanların və kənd təsərrüfatının suya böyük ehtiyac duyduğu yay mövsümündə isə əksinə suyun qarşısı kəsilir, nəticədə Azərbaycan iqtisadiyyatına, o cümlədən kənd təsərrüfatına ciddi ziyan vurulur, yaşılıqlar quruyaraq məhv olur, torpağın bioloji sturukturunda ağlagəlməz proseslər baş verir və bölgədə ciddi ekoloji gərginlik yaranır.

 Bu məktub və Sərsəng Su Dəryaçasının təhlükəli vəziyyətinin yarada biləcəyi humanitar problemə  dair qətnamə layihəsi, nəhayət, AŞPA – nın Sədarət Komitəsi tərəfindən təsdiqləndi və baxılmaq üçün AŞPA bürosuna göndərildi. Sədarət Komitəsi Büroya tövsiyə etdi ki qətnamə layihəsi problemlə konkret məşğul olacaq məruzəçi təyin edilmək üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə göndərilsin. Beləliklə, bu komitənin  təyin edəcəyi  məruzəçi məsələ ilə bağlı məruzə hazırlayacaq və məsələ AŞPA – nın Plenar iclasında müzakirəyə çıxarılacaq. 

AVCİYA may ayından Sərsəng Su Anbarı ilə əlaqədar genişmiqyaslı layihə həyata keçirir və AŞPA -da qətnamə təklifinin qəbul edilməsi bunun tərkib hissəsidir. Bu  vacib sənəddə işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn  fundamental prinsipləri pozulmaqla, Ermənistan tərəfindən qeyri – qanuni blokadaya alınması faktı kəskin şəkildə pislənir və Ermənistanın yaranmış mövcud vəziyyətdən  bu şəkildə sui-istifadə etməsi qeyri-sosial davranış kimi qiymətləndirir.                

Sərsəng lahiyəsinə başlanmasından ötən 3 ay ərzində problemin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması məqsədilə uğurlu adımlar atılıb. Dəryaça ilə bağlı mayın 23 – 24-də Bakıda 2, sentyabrın 7 – də isə Tərtərdə “Sos – Sərsəng” adlı daha bir beynəlxalq konfrans keçirilib. “Sərsəng” harayı Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament şəbəkəsinin illik konfransında və Vyanada “Azərbaycanın geosiyasi və Avropanın enerji təhlükəsizliyi” beynəlxalq konfransında da ucaldılıb. Problemin mahiyyəti ilə bağlı ingilis, alman, fransız dillərində 9 məqalə hazırlanaraq dünya mətbuatına göndərilib və dünyanın 4 000 qədər onlayn mətbu orqanında yerləşdirilib.           

Layihə çərçivəsində yerli və xarici mütəxəsislərdən  ibarət ekspert qruplarının formalaşdırılmasına başlanılıb və bölgəyə səfərlər təşkil olunacaq. Layihəni dəstəkləmək təklifi ilə xeyli yerli və xarici donorlara müraciət olunub.

 

Ə.Qafarlı,

İnsan Hüquqları üzrə İctimai  Şuranın sədri