“Şahdəniz”ə 4,2 milyard dollar xərclənəcək

Layihə üzrə fəaliyyətlərə – 200 milyon dollar, əsaslı xərclərə – 4 milyard dollar…

Layihə üzrə fəaliyyətlərə – 200 milyon dollar, əsaslı xərclərə – 4 milyard dollar.

 

Müqayisə üçün, 2013-cü il ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 200 milyon ABŞ dolları əməliyyat xərcləri və 1 milyard 700 milyon ABŞ dolları əsaslı xərclər çəkilib.

 

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, “BP Exploration (Caspian Sea) Limited” şirkətindən daxil olmuş məlumata görə, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə, o cümlədən dənizdəki işlənmələr və Səngəçal terminalının genişləndirilməsinə aiddir.

 

Şirkətin məlumatında deyilir ki, ötən il ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ-a və BTC şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirib.

 

Ötən il yataqdan 9,8 milyard kubmetr (təqribən 345,5 milyard kubfut) qaz və 2,48 milyon ton (təqribən 19,6 milyon barel) kondensat və ya gündəlik təxminən 26,8 milyon kubmetr (946 milyon standart kubfut) qaz və 53 740 barel kondensat hasil edilib.

 

Mövcud qurğuların texniki optimallaşdırılması nəticəsində “Şahdəniz” hasilat sisteminin gündəlik maksimum gücü 970 milyon standart kubfut qaz və 55 000 barel kondensat səviyyəsinə qaldırılıb. “Şahdəniz” tərəfdaşları bu yaxınlarda 2014-cü ilin axırına qədər hasilat gücünün təxminən 1 milyard 40 milyon standart kubfuta qədər artırılması üçün şərtləri SOCAR ilə razılaşdırıb.

 

“Şahdəniz Mərhələ 2” Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni Cənub Qaz Dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir.

 

“BP Exploration (Caspian Sea) Limited” şirkətinin məlumatında deyilir ki, 2014-cü ildə daha çox müqavilə bağlanacaq. Bunlara sualtı boruların quraşdırılması, dənizdə daşınma və quraşdırma işləri daxildir. Dayaq blokları və üst modulların tikilməsi üçün tikinti-quraşdırma sahələrində, həmçinin qurudakı terminal tikinti sahələrində işlər başlayacaq. İstiqlal və Heydər Əliyev qazma qurğusu vasitəsi ilə qazma işləri davam edəcək.

 

/oxu.az/