Şamaxıda “İnsan alverinə qarşı mübarizə və qanunsuz miqrasiya hallarının aradan qaldırılması” mövzusunda tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi tərəfindən

Şamaxı şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında “İnsan alverinə qarşı mübarizə və qanunsuz miqrasiya hallarının aradan qaldırılması” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.

Tədbirdə rayonun dövlət idarə və müəssisələrinin, hüquq mühafizə orqanlarının, turizm agentliyinin Şamaxı regional şöbəsinin, otel, istirahət mərkəzlərinin nümayəndələri, təhsil, səhiyyə işçiləri olmaqla, ümumilikdə 50 nəfər iştirak edib.

Çıxış edənlər insan alverinin və qanunsuz miqrasiyanın mahiyyəti, doğurduğu təhlükələr, fəsadlar, bu istiqamətdə dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri barədə geniş məlumat veriblər. Bildirilib ki, DMX öz fəaliyyətində insan alverinə qarşı mübarizə ilə bağlı qəbul edilmiş sənədlərin icrası istiqamətində müvafiq tədbirləri həyata keçirir.

Bundan başqa Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəalarının icrası üzrə görülmüş işlər – ölkədə əmək miqrasiyasının vəziyyəti, Azərbaycan Respublikasından olan əməkçi miqrantlar və onların hüquqlarının təmini sahəsində görülmüş işlər iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə regionlarda ictimaiyyəti maarifləndirmək və təbliğat işinin təşkil edilməsi məqsədilə müvafiq tədbirlərin davam etdirilməsinin  önəmi vurğulanıb.

Tədbirdə mövzu ilə bağlı Xidmət tərəfindən hazırlanmış videoçarx nümayiş olunub, tədbir iştirakçılarına insan alverinə qarşı mübarizə ilə bağlı hazırlanmış maarifləndirmə bukletləri təqdim edilib.

Sonda vətəndaşların sualları qanunamüvafiq qaydada cavablandırılıb.

Qeyd edək ki, regionlarda miqrasiya sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.

Dövlət Miqrasiya Xidməti