Azərbaycan Respublikasının qanununa əlavələr və dəyişikliklər

“ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN HÜQUQİ VƏZİYYƏTİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNA, AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ MƏCƏLLƏSİNƏ, “QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI (İCTİMAİ BİRLİKLƏR VƏ FONDLAR) HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA, “HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT QEYDİYYATI VƏ DÖVLƏT REYESTRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA, “MÜHASİBAT UÇOTU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :
I. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvercilik Toplusu, 1997-ci il, № 1, maddə 19; 2001-ci il, № 11, maddələr 676, 695, 699; 2002-ci il, № 5, maddə 243, № 12, maddə 692; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57; 2006-cı il, № 1, maddə 3; 2007-ci il, № 5, maddə 398; 2008-ci il, № 8, maddə 701) 20-ci maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət təşkilatının təsisçisi ola bilərlər.”.
II. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002-ci il, № 12, maddə 709; 2003-cü il, № 8, maddə 420; 2004-cü il, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005-ci il, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006-ci il, № 2, maddə 68, № 3, maddə 255, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007-ci il, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008-ci il, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009-cu il, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 47.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.”;
2. aşağıdakı məzmunda 50.1-1-ci maddə əlavə edilsin:
“50.1-1. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli səxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz.”;
3. 53.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır.”;
4. 115.1-ci maddədən “könüllü” sözü çıxarılsın;
5. aşağıdakı məzmunda 115.1-1-ci maddə əlavə edilsin:
“115.1-1. Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır.”.
III. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 710; 2001-ci il, № 9, maddə 576, № 11, maddə 675; 2003-cü il, № 1, maddə 16; 2005-ci il, № 4, maddə 278, № 8, maddə 684, № 10, maddə 908; 2007-ci il, № 11, maddələr 1049, 1053; 2008-ci il, № 8, maddə 699; 2009-cu il, № 7, maddə 517, № 8, maddə 611) Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Qanunu ilə əlavə edilmiş 29.4-cü maddə müvafiq olaraq 29.5-ci maddə hesab edilsin.
IV. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 8; 2005-ci il, № 1, maddə 1, № 8, maddə 700; 2006-cı il, № 2, maddə 70; 2008-ci il, № 2, maddə 49) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. aşağıdakı məzmunda 5.4.4-1-ci maddə əlavə edilsin:
“5.4.4-1. qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;”;
2. 5.4.6-cı maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.4.7-ci və 5.4.8-ci maddələr əlavə edilsin:
“5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;
5.4.8. təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd.”;
3. aşağıdakı məzmunda 6.1.2-1-ci maddə əlavə edilsin:
“6.1.2-1. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı saziş.”;
4. aşağıdakı məzmunda 11.3.2-1-ci maddə əlavə edilsin:
“11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda;”;
5. 11.3.3-cü maddədə “olduqda” sözündən sonra “, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə” sözləri əlavə edilsin;
6. aşağıdakı məzmunda 12.3-1-ci maddə əlavə edilsin:
“12.3-1. Qeyri-hökumət təşkilatının filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması tələb edilmir. Təşkilat on gün müddətində müvafiq icra hakimiyyəti orqanına filial və (və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verir.”.
V. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 605; 2008-ci il, № 12, maddə 1049) aşağıdakı dəyişikliklər edilsin:
1. 14.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“14.4. Qeyri-hökumət təşkilatının illik maliyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
2. 14.5-ci maddə çıxarılsın.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2010-cu il.