“Ceyhun Əliyevin bacısı da hazırda Suriyadadır”.
Suriyada son günlər öldürülən azərbaycanlılardan ikisinin Sumqayıt sakini olduğu məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Əliyev Ceyhun Süleyman oğludur. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir.
Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Əliyevin bacısı da hazırda Suriyadadır. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib.
Məlumata görə, C. Əliyev güləş üzrə Azərbaycan yığmasının üzvü olub, Azərbaycan və Avropa çempionu adını qazanıb.
Mücahidlər C. Əliyevin fotosunu da yayıblar.
Ailəsi Ceyhuna bu gün üç mərasimi verib.
Azərbaycanlı döyüşçülərə məxsus internet səhifələrinin yazdığına görə, həmin döyüşdə həlak olanlardan biri də azərbaycanlılardan ibarət dəstənin “Musab Abdurahim Abdulmacid” adlı komandiridir.
Qeyd edək ki, martın 22-də Suriyada “İraq Şam Dövləti” silahlı qruplaşması ilə “Kürd YPG” qruplaşması arasında döyüşdə 25 nəfər öldürülüb.
Onlardan 12-nin azərbaycanlı olduğu bildirilir.
/oxu.az/