Suriyada vuruşan azərbaycanlıların cəzalandırılması rəsmiləşdi

 Azərbaycan Prezidenti İlham Əliyev bu haqda qanun imzalayıb…

 Azərbaycan Prezidenti İlham Əliyev bu haqda qanun imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında ” qanunu imzalayıb.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında ” qanuna əsasən Məcəllənin 114-cü (Muzdluluq) maddəsində nəzərdə tutulan cinayətlər üzrə cəzalar ağırlaşdırılır. Belə ki, bundan sonra muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etməyə görə 8 ildən 12 ilədək azadlıqdan məhrum ediləcək. Əvvəllər isə bu cinayət 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.
Bundan əlavə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə 9 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Əvvəllər isə bu cinayətə görə 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulurdu.
Maddəyə edilən digər dəyişikliyə görə, muzdlu hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakına görə 5 ildən 11 ilədək azadlıqdan məhrum ediləcək. Əvvəllər isə bu cinayət 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.
Qanunla Cinayət Məcəlləsinin 214-cü (Terrorçuluq) maddəsinə edilmiş dəyişikliyə əsasən isə, terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməyə görə 10 ildən 12 ilədək azadlıqdan məhrum ediləcək. Əvvəllər bu cinayət 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.
Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, təkrar törədildikdə, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 12 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalanacaq. Əvvəllər bu cəza 10 ildən 15 ilədək idi.
Bundan başqa, maddəyə edilən əlavəyə görə eyni əməllər beynəlxalq tədbirin keçirildiyi vaxt və ya kütləvi tədbirin keçirildiyi yerdə törədildikdə də 12 ildən 15 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulacaq.
Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddə əlavə edilib: “Bu Məcəllənin 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “.
Cinayət Məcəlləsinin 214-cü (Terrorçuluğu maliyyələşdirmə) maddəsinə edilən əlavə və dəyişikliyə görə əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 278, 279, 280, 282 və 282-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsi 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə cəzalanacaq. Əvvəllər bu cəza 8 ildən 12 ilədək idi.
Qanunla Cinayət Məcəlləsinə 214-3-cü (Terrorçuluq məqsədi ilə təlim keçmə) maddəsi əlavə olunur. 214-3.1-ci maddədə qeyd olunur ki, bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226, 227, 277 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim alma 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
214-3.2-ci maddədə isə göstərilir ki, bu Məcəllənin 214-3.1-ci maddəsi ilə nəzərdə tutulan təlimləri təşkil etmə və ya keçirmə 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddənin “Qeyd ” hissəsində isə göstərilir ki, bu Məcəllənin 214-3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür təlimlərin keçirilməsində nəzərdə tutulan məqsədlər üzrə cinayət əməllərinin qarşısının alınmasına, belə təlimlərdə iştirak etmiş, belə təlimləri təşkil etmiş, maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Bundan əlavə, Cinayət Məcəlləsinə 283-1.1-ci maddə əlavə edilib. Orada göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, belə qrupa rəhbərlik etmə faktı 9 ildən 12 ilə qədər azadlqıdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə 12 ildən 15 ilədək cəza alacaq.
Yuxarıda nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə isə 7 ildən 11 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Yeni maddədə göstərilən “Qeyd “də isə bildirilir ki, yuxarıda nəzərdə tutulmuş əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda cinayət məsuliyyətindən azad edilir.
/azxeber/