Təkfirçilər: İblis ordusunun sadiq əsgərləri

 İslam mədəniyyətinin, dəvətinin və yayılmasının əsası dialoq üzərinə qurulub. Bunu İslam düşüncəsinə baxdığımız zaman açıq-aşkar görə bilərik…

İslam mədəniyyətinin, dəvətinin və yayılmasının əsası dialoq üzərinə qurulub. Bunu İslam düşüncəsinə baxdığımız zaman açıq-aşkar görə bilərik. İslam müxtəlif görüşlərə hörmətlə yanaşmağı və qeyri- müsəlmanları hikmətlə, gözəl öyüd-nəsihət (moizə) ilə Allahın yoluna dəvət etməyi, onlarla ən gözəl surətdə mübahisə etməyi tövisiyyə edir (Nəhl, 125).

Milli.Az islam.az-a istinadən bildirir ki, Qurani-Kərimin birinci surəsi (Fatihə) “aləmlərin Rəbbinə həmd olsun” ayəsi ilə başlayır. Müsəlmanlar bu ayəni hər gün qıldıqları 5 namazda ən azı 10 dəfə təkrar edirlər. Quranda Allahın bütün aləmlərin Rəbbi və Yaradıcısı olduğunu vurğulayan onlarla ayə var. O, aləmlərin Rəbbidir, təkcə müsəlmanların Rəbbi deyil. Və bütün aləm üçün “Rəhman və Bağışlayandır”. “Tövbə” surəsi istisna olmaqla, Qurani-Kərimin bütün surələri Allahın mehriban və bağışlayan olmasının xatırlanması ilə başlayır. Allah mübarək Elçisini (s) bütün aləmlərə rəhmət olaraq göndərib. Allah aləmlərə (bütün bəşər əhlinə) zülm etmək istəməz (Ali-İmran, 108). Allah bütün aləmlərə qarşı lütfkardır (Bəqərə, 218).

Müsəlmanın vəzifəsi doğru yolda olmayan mərhəmətli Allahın qullarını təkfir edərək qanlarını, mallarını, namuslarını halal elan edib başını kəsmək, “cəhənnəmə vasil etmək” (onların düşüncəsinə görə) deyil, əslində, bütün bəşəriyyəti mərhəmətli Allahın qulu hesab etmək, doğru yolda olmayanlar üçün acımaq və onları haqq yola dəvət etmək üçün çalışmaqdır. Bunun üçün onlarla ünsiyyət qurmaq və dialoqa girmək şərtdir. İslama görə ən müqəddəs dəyərlər, hətta Allahın varlığı belə dialoqa açıqdır. Allah-Təala Qiyamət günü hətta Cəhənnəm əhlini hesab-kitabsız, dialoqsuz Cəhənnəmə göndərməyəcək. Məgər təkfirçilər (sələfilər – vəhhabilər) bunları bilmirlər? Qurani-Kərim axı özü bizə dialoqun vacibliyini və tərzini öyrədir.

Allah yer üzündə Adəmi (ə) xəlifə olaraq yaratmaq istədikdə bunu mələklərə bildirir. Mələklər isə etiraz edərək “Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” söyləyirlər. Allah onlara “Mən bildiyim şeyi siz bilmirsiniz!” deyərək Adəmi (ə) yaradır, sonra isə ona bütün ismləri (elm) öyrədir. Daha sonra isə mələklərdən əşyaların ismlərini soruşur. Mələklər isə “Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik” deyə cavab verirlər. Bu zaman Allah Adəmə (ə) buyurur: “Ey Adəm, bunların (kainatda mövcud olan əşyanın) adlarını onlara bildir!”. Adəm (ə) əşyaların ismlərini bildirir. Daha sonra isə Allah mələklərdən Adəmin (ə) qarşısında səcdə etməyi tələb edir. İblisdən başqa bütün mələklər səcdə edir. (Bəqərə, 30-34)

Təkfirçilər İblisin davamçılarıdırlar

Mələklər Adəmin (ə) cismi qarşısında deyil, onun elmi qarşısında səcdə etdilər. Bununla Allah bizlərə öyrədir ki, dialoqun əsası elm üzərində qurulmuşdur. Elm haqla batili ayıran əsas amillərdəndir. Dialoq nəticəsində ortaya çıxan həqiqət qarşısında səcdə etmək lazımdır. İblis isə səcdə etmədi. O, lovğalanaraq “Mən ondan daha üstünəm, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” (Əraf, 12) deyə Allaha etiraz etdi və təkfir yolunu seçdi. Kainatın ilk təkfirçisi İblis oldu. O, özünü Adəmdən də, digər mələklərdən də üstün gördü. Bu gün İslam coğrafıyasını bürümüş təkfirçilər də İblisin yolunu gedərək özlərindən başqa hamını təkfir edir, özlərini hamıdan üstün görürlər. İslamçı olduqlarını iddia edən bu insanlarda İslam mərhəmətindən əsər-əlamət yoxdur. Allahın kimə rəhm edəcəyini, kimə rəhm etməyəcəyini biz təyin edə bilmərik. Çünki, Allah öz mərhəmətinin hər şeyi ehtiva etdiyini buyurur (Əraf, 156), təkfirçilər isə Allahın qullarını qətlə yetirərək onları “Cəhənnəmə göndərməyə” (öz düşüncələrinə görə) tələsirlər. Müsəlman isə haqq yolunda olmayan insanlara görə acımalı və onları həqiqətlə tanış etmək üçün can atmalıdır. Onlar təkfir etdikləri insanlarla dialoqa girməkdən çəkinirlər. Dialoqa girsələr belə, məqsədləri yalnız öz düşüncələrini qarşı tərəfə təlqin etmək üçündür. Dialoq əsnasında deməyə sözləri olmadıqda haqqı qəbul etmək yerinə qarşı tərəfi təkfir edib meydanı tərk edirlər.

Təkfirçilər İslamı parçalamağa xidmət edirlər

Enerji qaynaqları ilə zəngin olan İslam dünyası keçən əsrin ortalarından başlayaraq, sürətlə inkişaf etməyə başladı. Bu ərazilərdə yaşayan müsəlmanlar birləşərək hərəkət edərlərsə, qısa müddət ərzində yenidən dünyaya hakim ola bilərlər. ABŞ və Qərb dövlətləri bu təhlükəni anlayaraq İslam dünyasını və müsəlmanları parçalamaq planını həyata keçirməyə başladılar. Keçən əsrin sonlarından etibarən İslam dünyasında radikal qüvvələrin bu dövlətlər tərəfindən ciddi və aşkar surətdə dəstəkləndiyini görürük. Silahlı təkfirçi qruplaşmaların İngilis və CİA tərfindən idarə edilməsi ilə əlaqədar ciddi faktların olduğu hamıya məlumdur. Qərb onların vasitəsi ilə müsəlmanlar arasında məzhəb təfriqəçiliyini, ayrıseçkiliyini qızışdırır, müsəlmanları biri-birinə düşmən edir. Digər tərəfdən də onların törətdiyi vəhşi cinayətləri mediada canlandıraraq Qərb dünyasında İslamın yayılmasının qarşısını almağa çalışır.

İslamda hərb qaydaları, əsrlərlə müamilə şərtləri ilə tanış olduqda insan heyrətlənməyə bilməz. Hətta müharibə şəraitində belə humanizm ən yüksək səviyyədə qorunur. Özlərini sələfi (vəhhabi) adlandıran bu cahillərin törətdikləri cinayətlər İslamdan tamamilə uzaqdır. Çünki bunlar vəzifələrini, tapşırıqlarını İslamdan deyil, İslam düşmənlərindən alırlar. Onlar sözün əsl mənasında İblis ordusunun sadiq əsgərləridirlər.

Milli.Az