Qondarma “erməni soyqırımı ” ABŞ Senatının gündəliyinə daxil edilməyəcək…
Qondarma “erməni soyqırımı ” ABŞ Senatının gündəliyinə daxil edilməyəcək. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu yerli “Haber7 ” telekanalına açıqlamasında deyib.
Ə.Davudoğlu bildirib: “Qondarma “erməni soyqırımı ” ABŞ Senatının gündəliyinə salınmayacaq. Kerri ilə [ABŞ dövlət katibi Con Kerri] telefon danışıqlarında Birləşmiş Ştatlar rəsmisi bunu bizə bəyan edib “.
Onu sözlərinə görə, Türkiyə bu məsələni yaxından izləyir.
XİN rəhbəri onu da qeyd edib ki, ABŞ Senatının Xarici əlaqələr komitəsinin qondarma “erməni soyqırımı ” iddialarını dəstəkləyən qətnaməni qəbul etməsindən sonra məsələ Senatın gündəliyinə salınarsa, Türkiyə səssiz qalmayacaq.
Qeyd edək ki, aprelin 10-da ABŞ Senatının Xarici əlaqələr komitəsi qondarma “erməni soyqırımı ” iddialarını dəstəkləyən qətnaməni qəbul edib.
Məsələyə münasibət bildirən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü Məzhər Bağlı Trend-ə açıqlamasında Vaşinqton qondarma “erməni soyırımı ” məsələsində Ankaranın maraqlarını nəzərə almazsa, ABŞ-Türkiyə münasibətlərinin pisləşəcəyini bildirib.
Xatrıladaq ki, Ermənistan hər il aprelin 24-də qondarma “erməni soyqırımı “nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma “soyqırım “ı tanıyıblar.
/trend/