Ukraynalı Milli Qəhrəmanımızın mükafatı ailəsinə verildi

Azərbaycanın nümayəndə heyəti Xarkova səfər edib…

Azərbaycanın nümayəndə heyəti Xarkova səfər edib.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə nazirliyin zabiti polkovnik Abdulla Qurbani avqustun 23-də Ukraynanın Xarkov şəhərinə gedərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşRuslan Aleksandroviç Polovinkanın ailəsinə baş çəkib, qəhrəmanın xatirəsinə həsr olunmuş anım mərasimlərində iştirak edib. 

Oxu.Az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti ilə görüşən Xarkov vilayəti qubernatorunun müavini İvan Varçenko qəhrəmanın layiq görüldüyü medalın ailəsinə təqdim olunmasını əlamətdar hadisə kimi dəyərləndirib. 

A.Qurbani Azərbaycan qəhrəmanlarından bəhs edən kitablarını vilayət administrasiyasının kitabxanasına hədiyyə edib.

Sonra Xarkov vilayəti administrasiyasında ölkəmizin Ukraynadakı səfirliyinin, vilayət icra administrasiyası rəhbərliyinin, Azərbaycan-Ukrayna icması nümayəndələrinin, şəhidin doğmalarının, eləcə də KİV əməkdaşlarının iştirakı ilə anım mərasimi keçirilib. 

Vilayət qubernatorunun müavini İvan Varçenko, Azərbaycan-Ukrayna dostluğu cəmiyyətinin sədri Murad Ömərov, istefada olan polis polkovniki Bəhlul Mustafayev, şəhidin bacısı Tatyana Zelenskaya çıxış edərək Prezident İlham Əliyevə və tədbirin təşkilatçısı olan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Belə şərəfli missiyanı yerinə yetirməkdən böyük qürur duyduğunu bildirən polkovnik A.Qurbani qeyd edib ki, Ukrayna xalqı bu torpaq uğrunda həlak olan Azərbaycan oğullarını unutmadığı kimi, xalqımız da öz ukraynalı qəhrəmanını da heç vaxt unutmur.

Mərasimdə R.Polovinkanın keçdiyi döyüş yolu haqqında məlumat verilib. Qeyd olunub ki, o, 1991-ci ildə ali hərbi təyyarəçilik məktəbini bitirdikdən sonra gənc leytenant kimi Naxçıvana göndərilmiş, Azərbaycanın milli hərbi hava qüvvələri yarandığı ilk gündən ordumuza könüllü daxil olaraq helikopter eskadrilyasında pilot kimi xidmətə başlamışdı.

Qarabağ müharibəsində bir çox hərbi əməliyyatların fəal iştirakçısı olmuş R.Polovinka Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmişdi. 1992-ci il avqustun 6-da Azərbaycan hərbçiləri Ağdərə rayonunun Kasapet yüksəkliyi yaxınlığında mühasirəyə düşərkən R.Polovinka Mİ-24 helikopterinin heyəti ilə həmin əraziyə üç dəfə uçuş etmişdi. Qəhrəman pilot düşmənin zirehli texnika və canlı qüvvəsini məhv edərək mühasirəni yarmış, yaralıları və şəhidləri oradan çıxarmışdı. Dördüncü uçuşda helikopter düşmən tərəfdən raketlə vurulduqda belə, son anadək döyüş maşınını tərk etməmiş və ekipajın digər heyət üzvləri ilə birlikdə qəhrəmancasına həlak olmuşdu.

Leytenat R.Polovinkaya Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi haqqında Prezident İlham Əliyevin Fərmanı oxunduqdan sonra polkovnik A.Qurbani Milli Qəhrəmanın “Qızıl ulduz” medalını və ulu öndər Heydər Əliyevin imzası olan vəsiqəni şəhidin anası Qalina Polovinkaya təqdim edib. Milli Qəhrəmanın valideynləri dövlətimizin başçısına, müdafiə nazirinə və xalqımıza bu yüksək qiymətə və diqqətə görə təşəkkür ediblər.

Hər iki dövlətin bayraqları qarşısında xatirə şəkilləri çəkdirən mərasim iştirakçıları sonra R.Polovinkanın doğulduğu Zimiyov şəhərinə yollanıblar. Onun məzarı üzərinə “Azərbaycanın Mili Qəhrəmanı” sözləri yazılmış və səkkiz guşəli ulduz təsvir olunmuş mərmər lövhə vurulub. Məzarın qarşısına Müdafiə Nazirliyi adından qızılgüllər düzülüb, ailəsinə xatirə hədiyyələri təqdim edilib.

Zimiyov şəhər administrasiyasının başçısı bu nəcib təşəbbüsə görə minnətdarlığını bildirib. Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluqlar üzrə katibi Mübariz Hacıyev, Xarkovda yaşayan azərbaycanlılar, şəhidin valideynləri və başqaları çıxış edərək xalqlarımızın tarixi dostluq ənənələrinin bu gün də uğurla davam etdiyini vurğulayıblar. 

A.Qurbani bildirib ki, iki xalqın övladı olan Milli Qəhrəman R.Polovinka öz şəhidliyi ilə bu dostluğun əbədi və sarsılmaz olduğunu bir daha sübuta yetirib.

 

/Oxu.az/