Üzeyir bəy Hacıbəylinin Yaponiyada ilk dəfə səhnələşdirilən “Arşın mal alan” operettası böyük rəğbətlə qarşılanıb

Azərbaycanın Yaponiyadakı səfirliyinin dəstəyi ilə bu gündoğar ölkədə fəaliyyət göstərən Beynəlxalq Ərəb Rəqsləri Assosiasiyası tərəfindən səhnələşdirilmiş “Arşın mal alan” operettası yapon tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin son operettası olan “Arşın mal alan” əsəri sentyabrın 29-da Tokionun möhtəşəm “Nikkei Hall” mərkəzində ilk dəfə olaraq yapon tamaşaçılara təqdim edilib.

Şərq musiqisinə, xüsusən də öz rəngarəngliyi və zənginliyi ilə seçilən Azərbaycan milli və klassik musiqisinə böyük məhəbbətlə yanaşan yapon tamaşaçılar dünyaca məşhur “Arşın mal alan” operettasını çox böyük maraqla qarşılayıblar.

Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin musiqisindən istifadə edilməklə rəqslər üzərində qurulan operetta barədə məlumat xüsusi hazırlanmış pamfletdə öz əksini tapıb. Həmin pamflet əsasında tamaşaçılara əsərin müəllifi və məzmunu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, 1913-cü ildə qələmə alınan operetta dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilərək milyonların ürəyini fəth edib.

Operettaya yeni quruluşda tərtibat verən Beynəlxalq Ərəb Rəqsləri Assosiasiyasının rəhbəri xanım Mina Saleh onu altı hissəyə bölüb. Süjetdə bəzi dəyişikliklər aparılsa da, Azərbaycan dilində səslənən ariyalar və mahnılar əsasən saxlanılıb. Operetta rəqslər üzərində qurulduğuna görə bəzi qəhrəmanlar yeniləri ilə əvəz edilib. Yeni variantda əsərin əsas qəhrəmanları olan Gülçöhrə (Mina Saleh) və Əsgər (Sima) dövrün çətinliklərinə baxmayaraq, öz məhəbbətləri uğrunda sonadək mübarizə aparırlar. Xalasının məsləhəti ilə arşınmalçıya çevrilən tacir Əsgərə bu yolda Gülçöhrənin bacıları Banu (Katleen Camina), Nərgiz (Emili Daymond) və Əzizə (Elisa Cəmilə) kömək edirlər. Məhz onların xahişi ilə Sultan bəy (Qilson Masato) qızını arşınmalçıya verməyə razılıq verir.

Sonda orijinalda olduğu kimi dörd toy yox, iki toy səslənir. Əsgər bəy və Gülçöhrə xanım ilə yanaşı, qulluqçular Vəli və Telli də ailə həyatı qururlar. Əsər Azərbaycanda olduğu kimi, qohumların və dostların qatıldığı şən toy mərasimi ilə başa çatır.

Gözəl səhnə tərtibatı, ifaçıların peşəkarlığı, kostyumların rəngarəngliyi ilə seçilən operetta yapon tamaşaçılar tərəfindən sürtəli alqışlarla qarşılanıb.

Tamaşadan sonra təəssüratlarını AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən Saki Tyokani bildirib ki, əsərin süjeti, musiqisi və rəqslər çox gözəl idi: “Azərbaycanda olduğuma görə, bu ölkənin milli xüsusiyyətlərini, ecazkar musiqisini və gözəl rəqslərini müəyyən qədər bilirəm. Ona görə də bu gün göstərilən tamaşa mənə çox doğma və yaxın gəldi. Azərbaycan musiqi mədəniyyətinə, rəqslərinə bir daha heyran oldum. Bu həqiqətən də bizə Şərqin gözəl dünyasına qapı açan əlamətdar hadisədir”.

Yaponiyada Azərbaycan tarının və sazının ifaçısı kimi tanınan Kiyoşi Ohira da tamaşadan çox məmnun qaldığını bildirib: ”Çox gözəl idi. Həm səslənən gözəl musiqi, həm rəqslər, həm də ifaçıların peşəkarlığı məni heyran etdi. Düzü azərbaycanlı olmayan rəqqasların belə yüksək səviyyəli, peşəkar ifasını gözləmirdim. Operettadakı musiqi nömrələrinin Azərbaycan dilində səslənməsi tamaşaya daha çox orijinallıq verirdi. Fikrimcə bu gün buraya toplaşanlar çox gözəl bir tamaşanın şahidi oldular. Mən deyərdim ki, bu qədim və zəngin Azərbaycan mədəniyyətinin çox gözəl bir təqdimatı idi”.

Əsərin yaranması ideyası və tamaşa barədə sualı cavablandıran Mina Saleh isə deyib: “Mən Tehranda doğulsam da nənəm əslən azərbaycanlı olub. Evimizdə həmişə Azərbaycan musiqisi səslənib, rəqsləri ifa edilib. Azərbaycan musiqisi məhz buna görə mənim ruhuma çox doğmadı. Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini isə assosiasiyamızın 20 illik yubileyinə ən gözəl hədiyyə kimi hazırladıq. Əsasən rəqslər üzərində qurulduğuna görə süjetə müəyyən dəyişikliklər etdik. Bununla yanaşı, müasir Azərbaycan, qədim türk və ərəb rəqslərini əlavə etməklə, fikrimcə daha zəngin və rəngarəng bir tamaşa hazırladıq. Özünüz də gördüyünüz kimi tamaşa böyük maraq və rəğbətlə qarşılandı. Bu gün zalda yalnız yaponlar yox, eyni zamanda, Yaponiyada yaşayan İran, Mərakeş, İspaniya və digər ölkələrin də nümayəndələri var idi. Milliyətindən asılı olmayaraq onlar hamısı Azərbaycan musiqisini böyük heyranlıqla dinlədilər və alqışlarla qarşıladılar. Bu mənada bugünkü uğur yalnız bizim assosiasiyanın deyil, həm də böyük Üzeyir bəyin, bütün Azərbaycanın uğurudur. Yüz ildən çox bir müddətdə bütün dünyanı dolaşan məşhur operetta bu dəfə Tokionu fəth etdi”.

AZƏRTAC