Vəfa Quluzadə: Birbaşa Azərbaycana hədə idi…

“O biri tərəfdən bunun müsbət tərəfi də var”…

“O biri tərəfdən bunun müsbət tərəfi də var”.

Krımda baş verənlərə görə Rusiya ilə əməkdaşlığı dayandıran NATO-nun Şərqi Avropada, o cümlədən Azərbaycanla əlaqələri dərinləşdirmək niyyəti Moskvanı ciddi narahat etməkdədir.

Hətta şimal qonşumuzun bu əməkdaşlığın dərinləşməsinin qarşısını almaq üçün bütün mümkün addımlar atacağı da istisna edilmir. Artıq Rusiyadan Azərbaycanın ünvanına müxtəlif hədələr də səsləndirilir.

Krımın ardınca Dağlıq Qarabağın da Rusiyanın tərkibinə birləşdirilə biləcəyi ilə bağlı təklif irəli sürülür. Bir neçə gün əvvəl isə Rusiya Hərbi Hava Qüvvələri komandanının müavini, general-leytenant Pavel Kuroçenko Gümrü şəhərində olan 102-ci hərbi bazanın hava hücumundan müdafiə qüvvələrinin Ermənistana təhlükə olacağı təqdirdə erməni ordusu ilə birgə hərəkət edəcəyini deyib. 

Oxu.Az Azadliq.info-ya istinadən xəbər verir ki, Kuroçenko hava hücumundan müdafiə üçün aviasiyaların birgə nəzarət məntəqəsinin də yaradıldığını xatırladıb. 

O bildirib ki, 102-ci hərbi bazada erməni tərəfinin döyüş növbəsi Rusiya hərbçiləri ilə birgə vahid plan üzrə hərəkət edir. 

Rus generalın bu açıqlaması birbaşa Azərbaycana hədə idi. Bu arada 2008-2012-ci illərdə Rusiyanın NATO-dakı daimi nümayəndəsi olmuş, Rusiya baş nazirinin müavini Dmitri Roqozin Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri təyin olunub. NATO rəhbərliyinin Azərbaycanla əməkdaşlığını dərinləşdirəcəyinə dair bəyanatlarından sonra Rusiyanın qatı NATO əleyhdarı olan Roqozini hökumətlərarası komissiyasının həmsədri təyin etməsi təsadüfi deyil.

Politoloq Vəfa Quluzadə qatı millətçi və NATO əleyhdarı olan Roqozinin Azərbaycanla müsbət əməkdaşlığına şübhə etdiyini deyir. Bu təyinat daha çox Azərbaycan rəhbərliyinə təzyiq məqsədi daşıyır. Yəni Azərbaycanı Rusiyanın siyasəti məcrasında hərəkət etməyə məcbur etsin. Amma bunun uğurlu addım olacağı inandırıcı deyil:

“Siyasətdə emosiyalar həmişə ikinci dərəcəli olub. Lap istəyir Roqozini yox, Jirinovskini təyin etsinlər. Jirinovski ondan da pis olardı. Çünki onunla heç danışmağa dəyməzdi. Slutski kimi adamın təyin edilməsi ağıllı addım olardı. Tanınmış rus siyasətçisidir, Putini dəstəkləyir, eyni zamanda həmişə mülayim tərzdə çıxış edir. Amma Roqozinin təyin olunması uğurlu addım deyil. Bunun Rusiya üçün müsbət nəticələr verəcəyinə inanmıram”.

Ekspertin sözlərinə görə, Roqozinin təyinatı bir tərəfdən Azərbaycan üçün ürəkaçan olmasa da, o biri tərəfdən bunun müsbət tərəfi də var. Çünki Roqozini təyin etmək ondan xəbər verir ki, Rusiya Azərbaycana qarşı hərbi müdaxilə etmək fikrində deyil. Azərbaycanla bu şəxsin vasitəsilə danışmaq və təzyiq etmək istəyir. Əgər Rusiyanın Azərbaycana hərbi müdaxilə etmək niyyəti olsaydı, Roqozini bura təyin etməyə heç bir ehtiyac yox idi. 

www.oxu.az