Son dərs-Qaradağlı

Son dərs-Qaradağlı

Dayım bir gün əvvəldən başlayardı kabab üçün hazırlıqlara. Kömürlər yerbəyer olunar, quzunun kəsiləcəyi yer hazırlanardı. Sabahın sevinci və həyəcanı ilə o gecə gec saatlara qədər oyaq qalmağa çalışardıq qardaşımla. Ancaq günün yorğunluq hissi və o zamanlar krallığımız kimi gördüyüm,  arası fənərka ilə kəsilib divarlarına xəmirlə divar kağızı yapışdırılmış vaqon evimizin dəmir divarları arasına girib əsrarəngiz bir ahəng yaradan küləyin ritmiylə yuxuya məğlub olardıq.


   Sabahları banlayaraq sabahın erkən saatlarında bizi oyandıran, o sevmədiyim qırmızı xoruzun səsi belə çox sevimli gələrdi mənə. Yerimdən qalxıb, adətim üzrə evimizin qapısından həyəti seyr etməyə  başladığımda nənəmlə babamın çoxdan oyanıb məişət işləri ilə məşğul olmağa başladığını gördüm. Bəzən onların heç yatmadığını belə düşünərdim. Əslində o zamanlar anlamasam da, bu mənzərə yaşlılıqla birlikdə,  onların ruhunun dərinliklərinə  kök salmış yalnızlıq  hissini iliklərimdə, bədənimin hər nöqtəsində hiss edib, onunla tanış olduğum çox mühim bir an idi.


Saatlar irəlilədikcə həyətimizdə istifadə ömrünü bitirmiş, lakin hər il bu tarixdə özündə güc tapıb, bizim qapıya gəlməyi özünə vəzifə borcu bilən sovet markalı avtomobillər görünməyə başlayardı. Qonaqlar yavaş yavaş gəlməyə başlamışdı. Kimi Nefçaladan, kimi Lənkərandan, kimi Bakıdan, kimi Bərdədən, qaçqın şəhərciyindən, kimi də, səngərdən əsgərlərinin yanından. Həyətimizdəki tut ağacının altında söhbətlər qızışardı. Bugün ev sahibi, qonaq anlayışı olmazdı bizim həyətdə. Hərkəs bir işin qulpundan tutub kömək etməyə çalışardı.

      Doğum günü təbrikləriylə birlikdə qədəhlər havada toqquşar, kölgəsində oturduğumuz  ağacın meyvəsindən çəkilmiş xalis tut arağının ətri ətrafı bürüyərdi. Hər iki sağlıqdan biri Qarabağ haqda olardı. Bəzən düşünürəm bu tarix (noyabrın 1-i) qaçqın həyatı yaşayan, Vətənində Vətənsiz  qalıb, ölkənin dörd bir yanına səpələnmiş bu insanlar üçün, bir bəhanə idi. Bir il boyunca ürəklərindəki bütün ağrı acıları bir-birinin gözünün içinə baxaraq paylaşıb, az da, olsun acılarını dindirə bildikləri bir tarix.

     Uzun sözün qısası bu minvanla keçərdi doğum günlərimiz. Bəzən düşünürəm, hər bir uşağın böyüdüyünü, həyatı anlamağa başladığını hiss etdiyi bir an olur həyatında. Bu an o körpənin gələcək həyatında planlarında , baxış bucağının formalaşdırmağında əvəzolunmaz bir rol oynayır.  Mənim də, böyüdüyümü hiss etdiyim, dünyanı anlamağa başladığım gün əslində doğum günümün 1 noyabr olmadığını anladığım gündür!


Mənim doğum günüm 17 Fevral günü idi. O qara 17 Fevral gecəsi. İnsanların ölümün soyuq nəfəsini kürəklərində hiss etdikləri bir tarix. O qaranlıq gecə sadəcə bir kəndi,  bir yaşayış məntəqəsini öz qaranlığında udmadı. O gecə insanların arzularını, xəyallarını da, oğurladı.


1992-ci il Fevral ayında Qaradağlı kəndi artıq son günlərini yaşayırdı. Hər tərəfdən əli üzülmüş kənd özünü müdafiə döyüşcüləri ən yaxşı halda kənddə qalan mülki insanları  çıxarmaq və son anlarına qədər vuruşmağı düşünürdülər. Onlar artıq qeyrətlə qeyrətsizlik, ölümlə, olum arasında öz seçimlərini etmişdilər. Kəndin ətrafında yaradılmış 5 müdafiə postundan birinə Nobi Zeynalov (Nobil müəllim) başcılıq edirdi. Nobil müəllimin postu öz qəhrəmanlığı ilə həm yerli camaat arasında , həm də, düşmən cəbhədə çox məhşur idi. Onun döyüşçülərinin əsasını isə, direktoru olduğu məktəbin şagirdləri olan gənclər təşkil edirdi. Artq, qərarlar verilmişdi, geri addım atılmayacaqdı. O qaranlıq gecədə son mərmiləri bitənə qədər savaşmış o iradə sahibi insanlar şəhadət şərbətini daddılar. Beləcə  Qaradağlı son nəfəsini də, vermiş oldu.


17 Fevralın məndən aldığı isə sadəcə  xəyallarımda canlandırmağı bacardığım Qaradağlı kəndi deyildi. O gecə məndən xəyallarımda belə canladıra bilmədiyim atamı da, oğurlamışdı.  O soyuq səngərdə şəhadət şərbətini içən bir ovuc insandan biri idi Nobil müəllim. Son ana qədər şagirdlərinin başında müəllimlik misyasını yerinə yetirərək son dərsini, Vətən uğrunda şəhid olmaq dərsini keçmişdi şagirdlərinə…


Artıq doğum günümü qeyd etmirəm. O vaqon evimizin həyətində, qardaşımın doğum günündə kəsdiyimiz tortların, aldığımız hədiyyələrin də, bir mənası qalmayıb mənim üçün. Bildiyim bir şey var insanın doğum günü doğulduğu gün yox özünü, həyatı, ətrafı anladığı gündür!  Və  Mən artıq çoxdan  anlayıram sadəcə öz yerimə yaşamadığımı!
Bir də xatırladığım bir şey var, nə hikmətdirsə arzu şamları olmazdı doğum günü tortlarımızın üzərində!

Rəşad Zeynallı